"2022-ci il dekabrın 24-də Cənab Prezident Qərbi Azərbaycan İcmasında Qərbi Azərbaycanla bağlı tarixi çıxışı ilə proqram xarakterli çıxışından doğan bir kitabdır. Kitabın ön sözünün müəllifi və elmi redaktoru Nazim Mustafa tarixi faktlar əsasında fikrini ümumiləşdirərək kitabın ümumi ahənginə uyğunlaşdırıb".
QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində hazırlanmış tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabının təqdimatı mərasimində professor İbrahim Bayramov bildirib.
O ktabın xüsusi özəlliyini qeyd edərək bildirib ki, indiyə qədər Qərbi Azərbaycanla bağlı üfüqi istiqamətdə ümumi şəkildə təqdim edilirdi. Lakin indi şaquli istiqamətdə, ayrı-ayrı bölgələrdə Qərbi azərbaycanlıların deportasiyası və orada məskunlaşan insanların qarşılaşdıqları tarixi cinayətləri SSRİ məkanında faktlarla izah edir:
"SSRİ Nazirlər Sovetinin qərarı var, kolxozçuların və digər azərbaycanlıların təyinatları bu kitabda aydın görünür. Burada təkcə kolxozçulardan söhbət getmir. Qərbi Azərbaycanda, xüsusilə İrəvan şəhərində Azərbaycan filologiya fakültəsinin bağlanması da həmin qərarın kölgəsində baş verən hadisələr kimi təqdim olunur və azərbaycanlıların deportasiyası tam şəkildə üzə çıxarılır. Kitab eyni zamanda Qərbi Azərbaycanın ayrı-ayrı bölgələrindən, o cümlədən Salyan və Kral Obağına köçürülən insanların faciəsini əks etdirir: hansı şəraitdə köçürüldükləri, necə yerləşdirildikləri və orada yaşamalarının nə qədər ağır olduğu detallı şəkildə göstərilir. Kitab həmçinin Qərbi Azərbaycanın digər bölgələrinə köçürülmüş insanların tarixini və hüquqi sənədlərlə təsdiqlənmiş faktları təqdim edir. SSRİ məkanında Ermənistan adlanan dövlətin siyasətinin bir parçası olan Qərbi azərbaycanlıların deportasiyası burada aydın görünür və inanıram ki, bundan sonrakı tədqiqatlarda da Qərbi Azərbaycanın müxtəlif bölgələrində deportasiyaya məruz qalmış insanların həyatını əks etdirən kitablar ortaya çıxacaq".
Professor həmçinin əlavə edib ki, bəzən nəzəri kitablardan daha çox bu tip kitablara maraq göstərilir:
"Məsələn, Karapetyan adlı müəllifin “Daran Meher Yolu” adlı kitabında Qərbi Azərbaycan ərazisindəki toponimlərin dəyişdirilməsi rəvayətlər əsasında təqdim olunur. Onlara meyl daha çoxdur. Ona görə də Səməd müəllimin hazırladığı bu kitabın yayılması daha vacibdir. Burada canlı insanların danışdıqları faktlar daha inandırıcı qəbul olunur. Səməd müəllimə bir daha təşəkkür edirəm. Mahirə xanım baş məsləhətçi olaraq rəhbərliyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində Qərbi Azərbaycan Araşdırmalar Mərkəzində dəfələrlə görülmüş işlər bu kitabın keyfiyyətini yüksəldib. Kitabda Səməd müəllimin zəhməti, əməyi və canlılığı aydın görünür. Mən təbrik edirəm və ümidvaram ki, bu kitabın yayımı genişlənəcək, elektron variantı da oxuculara çatdırılacaq".
Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.












