Qeyri-hökumət təşkilatları üçün Dövlət Mükafatı və Xeyriyyəçilik sahəsində Fəxri adların sahibləri müəyyənləşib.
QHT.az xəbər verir ki, Astanada keçirilən XII Vətəndaş Forumu çərçivəsində qeyri-hökumət təşkilatlarına (QHT-lərə) həsr olunmuş “QHT Mükafatı – 2025”in təqdimetmə mərasimi baş tutub.
Bu mükafat 2017-ci ildən etibarən sosial əhəmiyyətli məsələlərin həllinə verdiyi töhfəyə görə təqdim olunur. Onun əsas məqsədi – vətəndaş sektorunun inkişafını dəstəkləmək və QHT-lərin fəaliyyətini stimullaşdırmaqdır. İndiyədək bu mükafatın laureatlarının sayı 486-ya çatıb.
Bu il müsabiqəyə ölkənin bütün regionlarından 208 ərizə daxil olub. Ekspertlər və müsabiqə komissiyası tərəfindən aparılan qiymətləndirmənin nəticəsində 73 təşkilat qalib elan edilib.
Qeyd edilməlidir ki, qaliblər arasında kənd yerlərindən olan 11 QHT və əlilliyi olan şəxslərin yaratdığı 6 birlik də var. Bu fakt müsabiqənin açıq və əlçatan xarakter daşıdığını, həmçinin müxtəlif səviyyəli təşəbbüsləri əhatə edən geniş miqyasını nümayiş etdirir.
Bundan əlavə, bir sıra təşkilatlar Respublika İctimai “Tanğdau” (Tərcümədə: “Seçim”) Mükafatı ilə təltif olunub.
Həmçinin, xeyriyyəçilik sahəsində xüsusi fəallıq göstərmiş 33 qazaxa Fəxri ad verilib.
Ümumilikdə, builki namizədlərin təşəbbüsləri çərçivəsində sosial əhəmiyyətli çoxsaylı işlər görülüb. Onların sırasında aztəminatlı şəxslərə ünvanlı yardım göstərilməsi, reabilitasiya mərkəzlərinin, inklüziv siniflərin, tədris və idman meydançalarının açılması, kənd yerlərində körpülərin, stadion və məktəblərin təmiri, mədəni layihələrin dəstəklənməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak və s. kimi təşəbbüslər yer alır.
Həmçinin bu il XII Vətəndaş Forumu çərçivəsində iyirmidən artıq debat və ekspert sessiyası təşkil olunub. Onların sırasında “Ağıllı xeyriyyəçilik” forumu, “Süni intellekt – iqtisadi inkişafın hərəkətverici qüvvəsi”, “Vətəndaş Forumu: təklifdən nəticəyə”, “İnklüzivlik: innovasiyalar bərabər imkanlar yaratdıqda” adlı TEDx paneli, eləcə də “Ekologiya – XXI əsrin qlobal prioriteti” adlı interaktiv sessiya və digər mühüm tədbirlər keçirilib.












