"Bu, eyni zamanda sosial sifarişdir. Çünki belə bir əsərin ərsəyə gəlməsi asan iş deyil".

QHT.az xəbər verir ki, bu fikirləri oktyabrın 15-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində təqdim edilən “Qərbi Azərbaycandan deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948–1953)” adlı kitabın müəllifi, tədqiqatçı-hüquqşünas Səməd Vəkilov bildirib.

O bildirib ki, tədbirdə iştirak edən ziyalı insanlardır, kitab yazmağın necə çətin və məsuliyyətli bir iş olduğunu yaxşı bilirlər:

"Mən 1948–1952-ci illərlə bağlı erməni mətbuatında yazılar axtaranda Həsən Əhmədov – bizim qəhrəman erməni dili mütəxəssisi – mənə kömək etdi. O, cəmi bir məqalə tapdı. Həmin yazı erməni politoloqu Xarakyanın müsahibəsi idi. Bu yazı mənə çox təsir etdi, çünki orada “uğurlu deportasiya” kimi dəhşətli ifadələr işlədilmişdi. Bu politoloq hətta müsahibəsində qeyd edirdi ki, guya Cəfər Bağırov “ermənilərin pullarını yuyan layihə” həyata keçirib. Mən düşündüm ki, bu müsahibə ilə hər bir azərbaycanlı tanış olmalıdır. Çünki orada həm tarixi saxtalaşdırma, həm də etiraflar var. Məsələn, Xarakyan orada açıq şəkildə deyir ki, ermənilər də deportasiya olunublar, lakin onlar “Daşnaksütyun” partiyasının üzvləri olduqları üçün bu, siyasi tədbir idi".

Səməd Vəkilov qeyd edib ki, əsərin iki əsas məsləhətçisi olub və onlardan biri tədbirin aparıcısı, professor Mahirə Hüseynovadır:

“Mahirə xanım mənim Qərbi Azərbaycan mövzusuna həsr etdiyim üç kitabımda da yaxından dəstək olub. Onun təqdim etdiyi materiallar çox dəyərlidir. Son iki kitabımın üz qabığında Mahirə xanımla birlikdə məsləhətləşərək seçim etmişik. Kitablardan birinin üz qabığında qədim alban məbədinin şəklini, digərində isə Qərbi Azərbaycana yolumuzun açıldığını simvolizə edən Səlim Karvansarasının şəklini vermişik.”

Səməd Vəkilov əlavə edib ki, Səlim Karvansarası dəyərli tədqiqatçı Kamil Dərəyəzlinin araşdırmalarında da yer alıb:

“Kamil müəllimi, eləcə də Həsən Mirzəyev, İbrahim Bayramov, Fərrux Rüstəmov, Cəlal müəllim kimi alimlərimizi salamlayıram. Onların ədəbiyyat, xüsusilə aşıq ədəbiyyatı sahəsində tədqiqatları çox önəmlidir. Azərbaycanda Qərbi Azərbaycan mövzusunda ilk doktorluq dissertasiyası da məhz bu istiqamətdə yazılıb. Tədbirdə ölkəmizdən və xaricdən dəyərli qonaqlar iştirak edib. O, xüsusilə “Kanal 32”un rəhbəri İnqilab Şirinbəylinin Qərbi Azərbaycanla bağlı mövzulara göstərdiyi diqqəti və fəal əməkdaşlığını yüksək qiymətləndirib. Bu tədqiqatlar və bu mübarizə ilə inanıram ki, biz Qərbi Azərbaycana qayıdacağıq.”

 

Qeyd edək ki, “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunur.