Türkiyə ilə yanaşı, zəlzələnin ciddi fəsadlar törətdiyi Suriyada da can itkisi 1600-ü keçib. Dəməşq administrasiyası Qərb ölkələrinə müraciət edərək, sanksiyaların aradan qaldırılmasını və kömək göstərilməsini istəyib.
QHT.az xəbər verir ki, mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdə Suriyanın müxtəlif bölgələrində ölənlərin sayı 1602, yaralıların sayı isə 3 min 649-a yüksəlib. Suriyada zəlzələdən zərər çəkən İdlib, Hələb, Hama, Latakiya və Tartus əyalətlərində axtarış-xilasetmə işləri davam edir.

Əsəd rejiminin xəbər agentliyi SANA-nın xəbərinə görə, Hələb, Latakiya, Hama və Tartus əyalətlərində rejimin nəzarətində olan bölgələrdə 812 nəfər həyatını itirib, 1449 nəfər isə yaralanıb. Suriyanın şimalında müxalifətin nəzarətində olan ərazilərdə çoxlu binalar dağıdılıb və ya zədələnib. Müxalifətin nəzarətində olan ərazilərdə fəaliyyət göstərən “Ağ Dəbilqəlilər” xilasetmə qrupu Twitter-də Suriyanın şimal-qərbində müxalifətin nəzarətində olan ərazilərdə 790-dan çox insanın öldüyünü və 2200-dən çox insanın yaralandığını açıqlayıb. Bu arada müxalif Suriya Müvəqqəti Hökuməti ölkənin şimalındakı zəlzələ bölgələrində matəm elan edib və fevralın 11-dək təhsilin dayandırıldığını açıqlayıb.