Dünya, tarixin ən böyük zəlzələlərindən biri ilə sarsılan Türkiyə üçün səfərbər olmuş vəziyyətdədir. Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək olmaq üçün dünyanın hər yerindən kömək gəlməyə davam edir. Aİ-dən verilən açıqlamada ən böyük axtarış-xilasetmə əməliyyatının Mülki Müdafiə Mexanizmi vasitəsilə həyata keçirildiyi bildirilib.

QHT.az xəbər verir ki, bir çox ölkələr yaraları birlikdə sağaltmaq üçün hərəkətə keçdi. Tayvan prezidenti və vitse-prezidenti aylıq maaşlarını Türkiyədə zəlzələdən zərər çəkənlərə bağışlamaq qərarına gəliblər.

Əlavə olaraq, Tayvan Türkiyədə baş verən zəlzələ üçün 2 milyon dollar yardım ayırıb və axtarış-xilasetmə işlərində iştirak etmək üçün iki xilasetmə qrupu göndərib.

Bildirilib ki, Avropa İttifaqı Türkiyə və Suriyanın şimal-qərbində Mülki Müdafiə Mexanizmi vasitəsilə indiyə qədər ən böyük axtarış-xilasetmə əməliyyatını həyata keçirib. Əsasən Türkiyədə olan 20 Avropa İttifaqı ölkəsindən 1485 xilasedicinin 100 axtarış-xilasetmə iti ilə sahədə olduğu vurğulanıb.

Aİ Komissiyasının dünən verdiyi açıqlamada, 6 fevralda baş verən iki böyük zəlzələdən sonra Mülki Müdafiə Mexanizminin işə salındığı və bu mexanizm vasitəsilə Aİ-nin ən böyük axtarış-xilasetmə əməliyyatının həyata keçirildiyi vurğulanıb. Həmçinin Aİ-nin “əlavə” humanitar yardımın hazırlanmasında olduğu bildirilib və indiyə qədər göndərilən ekipaj və humanitar yardımdan əlavə, Almaniya, Litva və Sloveniyanın ədyal, çadır və qızdırıcılar təmin edəcəyi qeyd edilib.