“Cəmiyyətdə reproduktiv sağlamlığın artırılması üçün, ilk növbədə, bu anlayışa sağlam düşüncə ilə, tam ciddiliklə yanaşmaq lazımdır. Məhz sağlam həyat tərzi, əxlaqi dəyərlərin toxunulmazlığı, ailə institutunun möhkəmləndirilməsi və bir çox digər amillər reproduktiv sağlamlığın təmin olunmasında başlıca şərtdir. İlk növbədə bu sahədə maarifləndirmə işinə xüsusi önəm verilməlidir. Təəssüf ki, cəmiyyətimiz reproduktiv sağlamlıqla bağlı açıq söhbətə hələ də hazır deyil”.

Bu sözləri “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, elmi baxımdan əsaslandırılmış məlumatlara böyük ehtiyacı olan gənc nəsil kütləvi-informasiya vasitələri, sosial şəbəkələr “sayəsində” daha çox uğursuz ailələr, cinsi azlıqlar, yüngül həyat tərzi keçirən ünsürlər barədə informasiyanı “həzm” etməli olur: “Məktəb psixoloqları bu istiqamətdə mütləq qaydada təlimatlandırılmalıdırlar. Televiziya efirində gənclər üçün xüsusi verilişlər təqdim olunmalı, təhsil müəssisələrində mütəxəssislərlə mütəmadi söhbətlər təşkil olunmalı, yeniyetmələr üçün xüsusi çap məhsulları tərtib edilməli və yayımlanmalıdır. Vətəndaş cəmiyyəti təmsilçiləri də bu istiqamətdə fəaliyyətlərini təkmilləşsirməlidirlər. Milli-mənəvi, əxlaqi dəyərlərə xələl gətirməyən, ailə münasibətlərinin möhkəmlənməsinə xidmət edən, sağlam həyat tərzini təbliğ edən hər bir üsul, hər bir addım ailə institutunun ümumbəşəri miqyasda böhranla üzləşdiyi müasir dövrdə olduqca önəmlidir”.

 

Pərvanə Fərhadqızı