Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Ailə və Uşaqlara Sosial Dəstək” İctimai Birliyinin “Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi çərçivəsində keçirilən maarifləndirici tədbirdə çıxış edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə layihənin əhəmiyyətindən, vətəndaş cəmiyyətinin rolundan, dövlət və QHT-lər arasında əməkdaşlığın vacibliyindən danışıb.
QHT.az xəbər verir ki, Cəsarət Hüseynzadə çıxışında ilk olaraq layihə komandasına təşəkkür edib:
“Bu layihə yeni yaranan bir təşkilat üçün çox dəyərli və cəsarətli addımdır. Həmçinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm ki, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır və yeni təşkilatlara ilkin maliyyə dəstəyi göstərir. Bu, QHT-lər üçün bir növ tramplin rolunu oynayır.”
QHT sədri bildirib ki, qızların maarifləndirilməsi və erkən nikahlarla mübarizə məsələsi uzun illərdir müzakirə mövzusudur və bu istiqamətdə vətəndaş cəmiyyətinin fəaliyyəti danılmazdır:
“Bu mövzu illərdir gündəmdədir. Doğrudur, müəyyən uğurlar əldə olunub, amma bəzi problemlər hələ də qalmaqdadır. Mən düşünürəm ki, vətəndaş cəmiyyəti daha da güclənsə, bu problemlərin həlli daha sürətli və səmərəli olar. Dövlət qurumları və QHT-lərin mövqelərinin uzlaşdırılması vacibdir. Bəzən biz yalnız öz pəncərəmizdən baxırıq, dövlət qurumlarının baxış bucağını nəzərə almırıq. Əslində, dövlət qurumları çox güclənib, bu, müsbət haldır, lakin paralel olaraq vətəndaş cəmiyyətinin zəifləməsi müşahidə olunur. Əgər bu balans qorunmasa problemlərin həllində çətinliklər yaranacaq.”
Cəsarət Hüseynzadə həmçinin yerli səviyyədə — icra hakimiyyətləri və bələdiyyələr səviyyəsində fəaliyyətin artırılmasının vacibliyini vurğulayıb:
“Regionlarda erkən nikahlarla bağlı yerli icra hakimiyyətlərinin və bələdiyyələrin fəaliyyəti, demək olar ki, sıfır səviyyəsindədir. Halbuki yerli icmalar bu problemləri daha yaxşı tanıyır və onların həllində birbaşa iştirak etməlidirlər.”
Cəsarət Hüseynzadə çıxışında erkən nigahla bağlı dəstək mexanizmlərinin gücləndirilməsi üçün təkliflər də səsləndirib:
“Əgər imkansız ailələrin uşaqları üçün müəyyən vəqflər və ya təhsil fondları yaradılarsa, bu, həm erkən nikah hallarının, həm də təhsildən yayınmanın qarşısını ala bilər. Təhsil bərabərliyi təmin olunmadan ədalətdən danışmaq çətindir. Vətəndaş cəmiyyətinin dövlətlə əməkdaşlıqda daha fəal mövqedə olması vacibdir. Bu layihə kimi təşəbbüslər göstərir ki, vətəndaş cəmiyyəti proseslərdə mühüm rola malikdir. Əgər biz birgə fəaliyyət göstərsək, cəmiyyətin inkişafı daha dayanıqlı olacaq.”
Pərvanə Fərhadqızı
QHT.az












