“Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov QHT.az-a açıqlamasında bildirib ki, regionlarda vətəndaşların yerli problemlərin həllində fəal iştirakı cəmiyyətin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

QHT sədinin sözlərinə görə, bu məsələ həmişə aktual olub və bu gün də öz əhəmiyyətini qoruyur:

“Çoxillik təcrübəmə əsaslanaraq deyə bilərəm ki, yerli problemlərin həlli istiqamətində ilk növbədə onların yaranma səbəbləri dövlət qurumları tərəfindən vaxtında araşdırılmalı və ictimailəşdirilməlidir. Vətəndaş fəallığı o deməkdir ki, insanlar təkliflər irəli sürə, təşəbbüslər göstərə, müraciətlər edə və problemləri ictimailəşdirə bilirlər. Vətəndaşın öz problemini vaxtında gündəmə gətirməsi onun həllinə böyük təkan verir.”

Rüstəm Məlikov bildirib ki, son dövrlərdə daha fəal görünən ictimai şuralar bu prosesdə xüsusi rola malikdir:

“Rayonlarda vətəndaşların ictimai fəallığı bəzən aşağı səviyyədə qalır. Bunun səbəblərindən biri ölkədə sosial-iqtisadi inkişafın yüksəlməsi, yəni problemlərin azalmasıdır. Lakin bu, vətəndaşların ictimai təşəbbüslərdən uzaqlaşması üçün əsas səbəb olmamalıdır. Bu məsələdə qeyri-hökumət təşkilatlarının rolu böyükdür. QHT-lərin cəmiyyətdə nüfuz sahibi olan liderləri olmalıdır. İnsanlar inansınlar ki, bu təşkilat məsələni qaldırırsa, deməli, real nəticə olacaq. Məsələn, ekoloji problem varsa, insanlar bilməlidirlər ki, ‘Ana Kür’ İctimai Birliyi bu məsələ ilə ciddi məşğul olacaq.”

Rüstəm Məlikovun fikrincə, QHT-lərin, ictimai şuraların və yerli icra strukturlarının birgə fəaliyyəti vətəndaşların problemlərinin operativ həllinə xidmət edir:

“Əsas məsələ vətəndaşa yaxın olmaq, onun problemini öz problemi kimi qəbul etməkdir. Harada ki, QHT-lər yerli problemlərin həllinə dəstək verir, həmin ərazilərdə həm QHT-lərin nüfuzu, həm də ictimai etimad daha yüksək olur. QHT-lər, ictimai şuralar və yerli rəhbərlik arasında mütəmadi görüşlərin təşkili ümumi işə böyük fayda gətirə bilər.”

 

Pərvanə Fərhadqızı