Neftə olan tələbin azalması birbaşa qlobal iqtisadi aktivliyin zəifləməsi ilə bağlıdır. Xüsusilə Çin iqtisadiyyatında müşahidə olunan yavaşlama, daşınmaz əmlak sektorundakı böhran və sənaye istehsalının zəif tempi neft idxalına mənfi təsir göstərir. Avropa İttifaqında sənaye durğunluğu və enerji keçidi siyasəti neft istehlakını məhdudlaşdırır.
QHT.az xəbər verir ki, bunu İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, iqtisadi artım zəiflədikcə nəqliyyat, sənaye və logistika sektorlarında neftə tələbat da azalır:
"ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının sərt pul-kredit siyasəti də neft qiymətlərinə təsir edən mühüm amildir. Yüksək faiz dərəcələri iqtisadi aktivliyi zəiflədir, investisiyaları azaldır və dolların möhkəmlənməsinə səbəb olur. Neft dollarla qiymətləndirildiyi üçün dolların bahalaşması digər valyutalara sahib ölkələr üçün nefti daha baha edir və nəticədə qlobal tələbat azalır".
QHT sədri maliyyə bazarlarında gözləntilər və spekulyativ davranışlara gəlincə qeyd edib ki, neft bazarı yalnız fiziki ticarətdən ibarət deyil, eyni zamanda fyuçers və maliyyə alətlərini də əhatə edir. İnvestorlar iqtisadi qeyri-müəyyənlik fonunda riskli aktivlərdən, o cümlədən neft fyuçerslərindən çıxmağa üstünlük verirlər. Bu isə qiymətlərin real təklif-tələb balansından daha sürətli enməsinə səbəb olur:
"Əvvəllər münaqişələr və regional gərginliklər neft qiymətlərində ciddi artıma səbəb olurdu. Lakin son illərdə bazar geosiyasi risklərə müəyyən qədər adaptasiya olunub. Mövcud münaqişələrə baxmayaraq, neft tədarükündə ciddi fasilələrin baş verməməsi qiymətlərdəki “geosiyasi risk əlavəsi”nin azalmasına gətirib çıxarıb".
Pərvanə Fərhadqızı












