Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ərəfəsində əfv Sərəncamının imzalanması artıq cəmiyyətdə müzakirə mövzusu idi. Əfv Komissiyasının intensiv işlədiyini bilirdik. Bu Sərəncam indiyədək amnistiya aktları içərisində ən geniş əhatəlisidir. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin humanizm siyasətinin davamıdır.

Bunu AZƏRTAC-a açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

“Bildiyiniz kimi, buna qədər bir neçə dəfə amnistiya aktı olub. Cəza sisteminin humanistləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin bir sıra aktları var, həmçinin dövlətimizin başçısı bununla bağlı qanunvericilik təşəbbüsləri ilə çıxış edib. Bir sıra cəzalar aradan qaldırılıb, bəzi cəzalar alternativ cəzalarla əvəzlənib. Bütün bu sadalananlar kompleks tədbirlərin tərkib hissəsidir və rəmzi xarakter daşıyır. Əfv sərəncamlarının əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Dahi şəxsiyyətin yubileyi ərəfəsində belə geniş əfv Sərəncamının imzalanması onun xatirəsinə hörmətin əlaməti, Ulu Öndərin başladığı işlərin davam etdirilməsinin təzahürüdür”, - deyə hüquq müdafiəçisi qeyd edib.