Bakıda “PAŞA Bank”ın “Women in Tech” və BMTİP Azərbaycan ilə tərəfdaşlığı çərçivəsində “Dayanıqlı inkişafda qadınların rolu” beynəlxalq konfransı keçirilib. Konfransa dəvət edilmiş BMTİP Azərbaycan, BMT Qlobal Sazişinin Azərbaycandakı Nümayəndəliyi, Dünya Bankı, Milli Məclis, İqtisadiyyat Nazirliyi, “PAŞA Bank” və başqa qurumların təmsilçiləri Azərbaycanda gender bərabərliyinin qorunması, lider qadınların ölkənin dayanıqlı inkişafında rolu və dəyərli töhfələri barədə geniş müzakirə aparıb.

QHT.az xəbər verir ki, BMTİP-nin Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən xanım Alessandra Rokkasalvo öz çıxışında qeyd edib ki, 2011-ci ildən etibarən, müxtəlif donor təşkilatlar tərəfindən maliyyələşdirilən fərqli layihələr çərçivəsində, BMTİP hökumət strukturları ilə sıx əməkdaşlıq edərək Azərbaycanda 2500-dən çox qadına dəstək olub: “Biz qadınların bilik və bacarıqlara yiyələnməsi üçün çoxsaylı fürsətlər təmin etmişik. BMTİP yeni bizneslərin qurulmasına dəstək olmuş, qadınların Azərbaycanda sosial və iqtisadi imkanlarının artırılmasına əhəmiyyətli töhfə vermişdir”.

Beynəlxalq Qadınların Günü ərəfəsində keçirilmiş konfransa 100-dən çox iştirakçı qatılıb. Tədbirin əsas məqsədi beynəlxalq təşkilatlar, dövlət və özəl sektor arasında dialoqu gücləndirərək qadın sahibkarlığı və liderliyi qarşısındakı maneələrin aradan qaldırılmasına töhfə verməkdir.