Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi inkişafı onun coğrafi mövqeyi, struktur islahatlar və yeni prioritetlər üzərində formalaşır. Məqsəd iqtisadiyyatı daha şaxələndirilmiş, məhsuldar və dayanıqlı modelə keçirməkdir.

QHT.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib. Onun sözlərinə görə, Türkiyə ilə quru bağlantısı və genişlənən nəqliyyat imkanları Naxçıvanı regional tranzit və ticarət qovşağına çevirə bilər. Bu, anbarlama, xidmət və ticarət sektorlarında əlavə iqtisadi dəyər və məşğulluq yaradır:

"İqtisadi siyasətin mühüm istiqaməti xammal yönümlü fəaliyyətdən emal və əlavə dəyər yaradan istehsala keçiddir. Qida emalı, tikinti materialları və yüngül sənaye sahələri idxal asılılığını azaldaraq ixrac potensialını gücləndirə bilər. Kənd təsərrüfatının modernləşdirilməsi — müasir suvarma və məhsuldarlığın artırılması — həm ərzaq təhlükəsizliyini möhkəmləndirir, həm də aqrar emalla birlikdə daha gəlirli iqtisadi model yaradır".

Turizm və xidmət sektoruna gəlincə QHT sədri bildirib ki, tarixi və təbii potensial Naxçıvanı turizm üçün cəlbedici edir. Turizmin genişlənməsi xidmət, nəqliyyat və kiçik sahibkarlığı stimullaşdıraraq iqtisadiyyata çoxşaxəli təsir göstərir:

"Bərpaolunan enerji imkanları istehsal xərclərini optimallaşdırır, institusional islahatlar isə investisiya mühitini yaxşılaşdıraraq özəl sektorun rolunu artırır. Naxçıvanın inkişaf strategiyası logistika, sənaye, aqrar və xidmət sahələrinin balanslı inkişafına söykənir. Bu yanaşma regionun iqtisadi dayanıqlığını gücləndirərək onu daha rəqabətli və çevik iqtisadi məkana çevirə bilər".