1 oktyabr 2025-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın yeni seçilmiş 11 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.

QHT.az xəbər verir ki, bu barədə məlumatı Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov verib. Onun sözlərinə görə, təşkilati məsələlərin həllindən sonra Anar Xəlilov yenidən sədr, Səbuhi Hüseynov sədr müavini, Həcər Əkbərova isə katib seçilib:

"Komitə sədri Rövşən Rzayev şura üzvlərini təbrik edərək qaçqın və məcburi köçkünlərlə iş sahəsində onların fəal iştirakına ehtiyac olduğunu bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin problemlərinin həlli prioritet istiqamətdir və torpaqların azad olunması ilə Böyük Qayıdış prosesi sürətlə davam edir".

QHT sədri həmçinin bildirib ki, İctimai Şuranın sədri Anar Xəlilov isə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasında ictimai iştirakçılığın təmin edilməsinin vacibliyini vurğulayıb və hazırlanan fəaliyyət planı barədə məlumat verib:

"Görüşdə Komitə ilə İctimai Şura arasında əməkdaşlığın gücləndirilməsi, müvafiq məsələlər üzrə məsləhətləşmələrin aparılması və fəaliyyət planı çərçivəsində təkliflərin müzakirəsi həyata keçirilib. Komitə rəhbərliyi İctimai Şuranın fəaliyyətinə hərtərəfli dəstəyin göstəriləcəyini bir daha bəyan edib".

 

Pərvanə Fərhadqızı