Son zamanlar, Azərbaycan Respublikasında qəbul olunmuş qanunlar və həyata keçirilən tədbirlər, deməyə əsas verir ki, ölkənin sosial-ictimai həyatında yaranan problemlərin vaxtında və operativ şəkildə həll olunması üçün ictimai rəy nəzərə alınmalı və bu məqsədlə Qeyri Hökumət Təşkilatlarının imkanlarından və gücündən səmərəli istifadə olunmalıdır. "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa və “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidenti Cənab İ. Əliyevin Fərmanına uyğun olaraq, artıq bütün Dövlət qurumları və icra orqanları tərkibində İctimai Şuralar yaradılmış və mövcud problemlərin vaxtında həlli istiqamətdə silsilə tədbirlər həyata keçirilir.
Bu fikirləri QHT.az-a açıqlamasında “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev bildirib.
QHT sədri sözlərinə görə, həm ölkədə və həm də regionlarda (yerlərdə) problemlərin operativ həll edilməsi üçün QHT-lərin aktivliyi artırılmalı və bu problemlərin həllinə QHT-lər cəlb olunmalıdır. Bu o deməkdir ki, Dövlət və Qeyri Hökumət Təşkilatları sıx əməkdaşlıq etməli və sosial-ictimai problemlərin həllində yanaşı addımlamalıdırlar.
"2021-ci il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması ilə bağlı verdiyi fərman və Agentliyin bu bir il ərzində gördüyü işlər QHT-lərə Dövlətimiz tərəfindən edilən diqqət və qayğının nəticəsidir. Həmçinin, Agentliyin həyata keçirdiyi “QHT- Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizminin gücləndirilməsi” adlı Respublika zona Konfranslarında səslənən fikirlər QHT-dövlət əməkdaşlığının gücləndirilməsində və bu sahədə QHT-lərin də Dövlət qurumları ilə birgə fəaliyyətinə stimul yaratmışdır. Bundan başqa, “QHT ziyarətləri” layihəsi çərçivəsində Agentliyin müşahidə Şurası üzvlərinin ölkədə fəaliyyət göstərən Qeyri Hökumət Təşkilatlarının ofislərində olması, QHT-lərin gördüyü işlər və gələcək planları ilə maraqlanması, ictimai iştirakçılıq sahəsində bir çox məsələlərin müzakirələri və verdikləri tövsiyələr QHT-lərin, əsasən də regionda fəaliyyət göstərən QHT-lərin çoxdankı arzuları idi.
İstər konfranslarda və istərsə də QHT ziyarətləri zamanı səslənən təkliflərdən belə nəticəyə gəlirik ki, QHT-lər də və Dövlət qurumları da bu məsələdə maraqlıdırlar. QHT-lər ictimaiyyətlə daha sıx əlaqədə olduğu üçün və sosial-ictimai proseslərdə birbaşa iştirak etdikləri üçün dövlət orqanları ictimai rəyi (ictimaiyyətin arzu və təkliflərini) QHT-lərdən öyrənə və bu sahədə baş verən problemlərin həll edilməsində birgə və operativ fəaliyyət göstərə bilərlər. Ona görə, təklif edirəm ki, Dövlət qurumları QHT-lərlə vaxtaşırı görüşlər təşkil etsinlər, QHT-lərin ofislərini ziyarət etsinlər, onların gördükləri işlərlə və gələcək planları ilə maraqlansınlar. Əminəm ki, bu tədbirlər, QHT-dövlət əməkdaşlığının güclənməsinə və sosial-ictimai problemlərin həllində böyük nailiyyətlərə və uğurlara səbəb olacaq."












