Əmlak eksperti Elnur Azadov daşınmaz əmlak bazarında qiymət artımının vətəndaşlara və ölkə iqtisadiyyatına təsirləri barədə QHT.az-a açıqlama verib.

Elnur Azadov bildirib ki, daşınmaz əmlak cəmiyyətin diqqət mərkəzində olan əsas sahələrdən biridir. Onun sözlərinə görə, insanların yaşayış şəraiti, iş yerləri və bir çox biznes sahələri birbaşa daşınmaz əmlak sektoru ilə bağlıdır.

Ekspert hesab edir ki, daşınmaz əmlakın normadan artıq bahalaşması sektorun inkişafına və bütövlükdə ölkə iqtisadiyyatına ciddi mənfi təsir göstərir.

“Daşınmaz əmlak sektoruna, tikintiyə, kənd təsərrüfatına, sənayeyə və istehsala yönələn investisiyaların əhəmiyyətli hissəsi torpaq və daşınmaz əmlak xərclərinə sərf olunur. Bu isə digər sahələrin inkişafına ayrılan resursları azaldır”, – deyə Elnur Azadov qeyd edib.

Onun sözlərinə görə, hər hansı sahibkar yeni sənaye və ya istehsal müəssisəsi yaratmaq istəyərkən torpaq sahəsi almalı, müvafiq icazələri əldə etməli və tikinti xərclərini qarşılamalıdır. Daşınmaz əmlak qiymətlərinin yüksək olması isə bu prosesdə sahibkarların üzərinə əlavə maliyyə yükü qoyur.

Ekspert vurğulayıb ki, bahalaşmadan ən çox sadə vətəndaşlar və xüsusilə gənc ailələr əziyyət çəkirlər.

“Sadə vətəndaşlar normal yaşayış şəraitini təmin etmək üçün mənzil kirayələmək və ya almaq məcburiyyətindədirlər. Xüsusilə ailə qurmaq istəyən gənclər üçün yüksək qiymətlər ciddi problem yaradır”, – deyə o bildirib.

Elnur Azadov qeyd edib ki, son beş-altı il ərzində Bakı şəhərində daşınmaz əmlakın qiymətlərinin təxminən 80 faizədək artması müsbət iqtisadi göstərici kimi qiymətləndirilə bilməz.

Onun sözlərinə görə, qiymət artımı vətəndaşların uzunmüddətli maliyyə öhdəlikləri götürməsinə səbəb olur:

“Vətəndaş daşınmaz əmlak almaq üçün çox uzunmüddətli öhdəliklər üzərinə götürür və həyatının böyük hissəsini bu öhdəlikləri ödəməyə sərf edir. Bu vəziyyət normal deyil”.

Ekspert həmçinin vətəndaşların yığım imkanlarının azalmasının mənzil əldə edilməsini daha da çətinləşdirdiyini bildirib. O qeyd edib ki, daşınmaz əmlak qiymətlərinin illik yüksək templə artması gəlirləri yüksək olan şəxslərin mənzil bazarına investisiya məqsədilə daxil olmasına da şərait yaradır.

Elnur Azadov ipoteka və digər mənzil təminatı mexanizmlərinin mövcudluğuna baxmayaraq, onların bütün vətəndaşlar üçün kifayət qədər əlçatan olmadığını vurğulayıb.

“Burada ilk növbədə rəsmi gəlir məsələsi var. Digər tərəfdən, qiymətlərin bahalaşması vətəndaşların həm ilkin ödənişi etməsini, həm də aylıq ödənişləri qarşılamasını çətinləşdirir. İpotekaya ehtiyacı olan şəxslərin əhəmiyyətli hissəsi bu problemdən əziyyət çəkir”, – deyə ekspert bildirib.

Onun fikrincə, problemin əsas həll yollarından biri bazarda təklifin artırılması və tikinti sektorunda rəqabətin gücləndirilməsidir.

Ekspert qeyd edib ki, son illərdə yeni tikinti layihələrinin sayında ciddi azalma müşahidə olunur. Onun sözlərinə görə, tikinti şirkətləri arasında rəqabətin azalması da qiymətlərin yüksək qalmasına təsir edən amillərdəndir.

“Bazarda tələb və təklif arasında ciddi disbalans hiss olunur. Təklifin az olması qiymətlərin yüksək qalmasına və artmasına gətirib çıxarır. Nə qədər ki, tikinti şirkətləri kütləvi şəkildə yeni layihələrlə bazara çıxmayacaq, daşınmaz əmlak qiymətləri yüksək olaraq qalacaq”, – Elnur Azadov əlavə edib.