Nepalda baş verən dağıdıcı daşqınların ardından beynəlxalq qeyri-hökumət təşkilatı “Save the Children” zərərçəkən ailələrə təcili yardım göstərməyə başlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, təşkilatın məlumatına görə, ölkənin şimalında, xüsusilə Rasuva bölgəsində baş verən güclü daşqınlar yaşayış məntəqələrinə, yollara, körpülərə və digər infrastruktura ciddi ziyan vurub. Bir sıra ərazilərə yalnız helikopterlə çatmaq mümkündür. 

“Save the Children”in Nepal üzrə fövqəladə yardım qrupu ilk mərhələdə 1 000 ailəyə yardım göstərməyi planlaşdırır. Ailələrə məişət və mətbəx dəstləri, ağcaqanad torları və ədyallar çatdırılır.

QHT bildirir ki, daşqınlar zamanı uşaqlar xüsusilə həssas vəziyyətə düşüb. Bəzi uşaqlar ailələrindən və himayəçilərindən ayrı düşə bilər. Təşkilat onların təhlükəsizliyinin təmin edilməsini və itkin və ya müşayiətsiz uşaqların müəyyənləşdirilməsini prioritet hesab edir. 

“Save the Children”in Nepal üzrə nümayəndəsi Tara Chettry bildirib ki, fəlakətdən sonra uşaqlar yalnız təcili yardıma deyil, uzunmüddətli dəstəyə də ehtiyac duyacaqlar. Təşkilatın məlumatına görə, bölgədə təmiz suya çıxış da ciddi şəkildə məhdudlaşıb.

QHT yerli və milli qurumlarla əməkdaşlıq edərək uşaqların və ailələrin həm təcili, həm də uzunmüddətli ehtiyaclarını müəyyənləşdirir.

Qeyd edək ki, Nepalda 26 avqustda baş verən güclü daşqın nəticəsində çoxsaylı insan həyatını itirib, yüzlərlə şəxsin isə itkin düşdüyü bildirilir. Xilasetmə və yardım əməliyyatları davam edir.