Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Azərbaycan və Özbəkistan QHT-ləri arasında əməkdaşlığın inkişafı barədə QHT.az-a açıqlama verib.
Ramil İskəndərli bildirib ki, Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində iki ölkənin QHT-ləri arasında əməkdaşlığa xüsusi yer ayırması mühüm mesajdır.
Onun sözlərinə görə, dövlət başçısının 2023-cü ildə Füzulidə və 2024-cü ildə Daşkənddə keçirilmiş QHT Əməkdaşlıq Forumlarını, eləcə də 2026-cı ildə elan olunmuş birgə qrant müsabiqəsini qeyd etməsi vətəndaş cəmiyyəti diplomatiyasının Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən birinə çevrildiyini göstərir.
“Bu, eyni zamanda Azərbaycan QHT-ləri üçün böyük stimul və məsuliyyətdir”, – deyə Ramil İskəndərli qeyd edib.
O bildirib ki, Azərbaycan–Özbəkistan nümunəsində QHT-lər arasında əməkdaşlığın artıq konkret nəticələri görünür:
“Əvvəlcə QHT-lər arasında dialoq platformaları yaradıldı, qarşılıqlı səfərlər və forumlar keçirildi, təşkilatlar arasında birbaşa əlaqələr formalaşdı. İndi isə əməkdaşlıq yeni mərhələyə – birgə layihələrin həyata keçirilməsinə keçir”.
Ramil İskəndərli 2026-cı ildə ilk dəfə elan olunan birgə qrant müsabiqəsinin bu baxımdan mühüm mexanizm olduğunu vurğulayıb.
“Azərbaycandan olan QHT-lərin layihələrinin Özbəkistanda, Özbəkistan QHT-lərinin layihələrinin isə Azərbaycanda həyata keçirilməsi təşkilatlarımızın beynəlxalq təcrübəsini, tərəfdaşlıq imkanlarını və institusional potensialını artıracaq”, – deyə o əlavə edib.
Forum sədri Prezident səviyyəsində QHT-lərin beynəlxalq əməkdaşlığının diqqətdə saxlanılmasının Azərbaycan QHT-lərinin xarici tərəfdaşlıqlarının genişlənməsinə müsbət təsir göstərəcəyini bildirib.
Onun sözlərinə görə, müasir dövlətlərarası münasibətlər yalnız hökumətlər, parlamentlər və biznes dairələri arasında əlaqələrlə məhdudlaşmır.
“Vətəndaş cəmiyyətləri və insanlar arasında birbaşa əlaqələr də ölkələr arasında uzunmüddətli və dayanıqlı münasibətlərin formalaşmasında mühüm rol oynayır”, – Ramil İskəndərli deyib.
O hesab edir ki, Azərbaycan–Özbəkistan modeli gələcəkdə Azərbaycan QHT-lərinin digər ölkələrin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığı üçün də uğurlu nümunəyə çevrilə bilər.
Ramil İskəndərli xüsusilə Türk Dövlətləri Təşkilatı məkanında QHT forumlarının, ortaq layihələrin və birgə maliyyələşdirmə mexanizmlərinin genişləndirilməsinin vətəndaş cəmiyyəti səviyyəsində daha sistemli əməkdaşlıq mühitinin yaranmasına xidmət edə biləcəyini vurğulayıb.












