İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktoru, professor Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, iqtisadi inkişaf və artımın əsas hərəkətverici qüvvəsi texnologiyaların və innovasiyaların inkişafıdır.
Professorun sözlərinə görə, müxtəlif ekspert hesablamaları iqtisadi artımın təqribən 90 faizinin elmi-texniki tərəqqiyə əsaslandığını göstərir:
"Təbii ki, iqtisadi inkişaf və iqtisadi artım ilk növbədə texnologiyaların inkişafına, innovasiyaların tətbiqinə və elmi-texniki tərəqqinin irəliləməsinə əsaslanır. Bu baxımdan, texnoloji inkişaf iqtisadiyyatın sosial və iqtisadi mühitinin əsas təkanverici amillərindən biridir. Müxtəlif ekspert hesablamalarına görə, iqtisadi artımın təqribən 90 faizi məhz elmi-texniki tərəqqinin inkişafı sayəsində həyata keçirilir. Bununla yanaşı, mən texnoloji inkişafın real sektor və maliyyə sektoru arasında düzgün şaxələndirilməsinin və dəyərləndirilməsinin tərəfdarıyam. Bir yanaşma odur ki, elmi-texniki tərəqqi real sektora, yəni istehsala yönəlir və iqtisadiyyatda tətbiq olunur. Digər yanaşma isə maliyyə sektoruna, o cümlədən fond bazarlarında texnoloji şirkətlərin səhmlərinin qiymətlərinin artmasına əsaslanır ki, bu da bir çox hallarda, fikrimcə, spekulyativ xarakter daşıyır və real iqtisadi və texnoloji inkişafa az bağlıdır".
Professor hesab edir ki, səhmlərin qiymət artımını texnoloji tərəqqi ilə eyniləşdirmək yanlış təəssürat yarada bilər:
"Ona görə də bu sahədə fərqləndirmə aparılmalı, maliyyə bazarlarında səhmlərin artımının texnoloji inkişafla birbaşa əlaqəsinin çox zaman mövcud olmaması nəzərə alınmalıdır. Əks halda, elə bir illüziya yarana bilər ki, hansısa şirkətlərin səhmlərinin artması texnoloji inkişafla eyniləşdirilir. Buna görə də hesab edirəm ki, ilk növbədə real iqtisadiyyatla, yəni real istehsalla bağlı olan texnoloji sahələrin inkişafına köklənmiş iqtisadi sistemin qurulmasına nail olmaq lazımdır. Məhz belə bir yanaşma dayanıqlı iqtisadi inkişafı və artımı təmin edə bilər".
Pərvanə Fərhadqızı












