QHT.az xəbər verir ki, İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, SOCAR ilə ExxonMobil arasında imzalanan əməkdaşlıq memorandumu Azərbaycanın enerji strategiyasında və dünya enerji bazarlarında mövqeyinin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Avqustun 7-də Vaşinqtonda Prezident İlham Əliyevin iştirakı ilə imzalanan sənəd, ABŞ-la strateji-siyasi əməkdaşlığın gücləndiyini göstərir. Ekspertin sözlərinə görə, ExxonMobil-in qabaqcıl texnologiya və təcrübəsi SOCAR-a dərin qazma, neft-kimya və alternativ enerji sahələrində inkişaf imkanı yaradacaq.
Eyyub Kərimli vurğulayıb ki, xarici sərmayə axını maliyyə yükünü azaldacaq, dövlət büdcəsi və Neft Fondunun gəlirlərini artıracaq. Yüksək riskli layihələrdə risklərin paylaşılması, digər transmilli şirkətlərin Azərbaycana marağını artıra bilər.
Onun fikrincə, bu əməkdaşlıq Azərbaycanı Avropa və Asiya bazarlarında etibarlı tərəfdaş kimi möhkəmləndirəcək, geosiyasi nüfuzunu yüksəldəcək, SOCAR-ı isə regional oyunçudan qlobal enerji tərəfdaşına çevirəcək.
Eyyub Kərimli həmçinin qeyd edib ki, memorandum insan kapitalının inkişafına, SOCAR əməkdaşlarının beynəlxalq təcrübəyə çıxışına və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradacaq.
Pərvanə Fərhadqızı












