Payız aylarında Azərbaycanda ərzaq qiymətlərinin ümumi olaraq aşağı düşməsindən daha çox, bəzi məhsullar üzrə bahalaşmanın davam etməsi ehtimalı yüksəkdir. Hazırkı rəqəmlər də bunu göstərir. 2026-cı ilin yanvar-iyul aylarında qida məhsulları üzrə qiymətlər illik müqayisədə 6,8 faiz artıb. Ət və ət məhsulları 8,2 faiz, süd məhsulları və yumurta isə 10,3 faiz bahalaşıb. İyul ayında da ət qiymətlərində aylıq 0,5 faiz artım qeydə alınıb.

Bunu QHT.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Ekspertin sözlərinə görə, payızda xüsusilə ət və süd məhsullarında qiymət təzyiqinin qalması mümkündür. Burada əsas amillər yem, enerji, daşınma və digər istehsal xərcləridir. Heyvandarlıq sahəsində bu xərclər yüksək olaraq qalarsa, məhsulların maya dəyərinin də aşağı düşməsi çətin olacaq. Bu səbəbdən yaxın aylarda mal və qoyun ətində kəskin ucuzlaşma gözləmək real deyil.

Akif Nəsirli qeyd edib ki, tərəvəz və meyvələrdə vəziyyət bir qədər fərqli ola bilər. Yay məhsullarının bazara çıxması bəzi tərəvəz və meyvələrin qiymətlərini aşağı sala bilər. Lakin payızın sonlarına doğru mövsüm başa çatdıqca əks istiqamətdə dəyişiklik baş verə bilər. Saxlama və daşınma xərclərinin artması, eləcə də idxaldan asılılığın yüksəlməsi qiymətlərə yenidən təzyiq göstərə bilər.

Ekspertin fikrincə, idxal olunan məhsulların qiymətində dünya bazarındakı vəziyyət və manatın məzənnəsinin sabitliyi əsas amillərdən olacaq. Dünya bazarında ərzaq, yanacaq və logistika xərclərinin yüksəlməsi Azərbaycanda da son qiymətlərə müəyyən təsir göstərə bilər.

“Payız üçün ən real ssenari bütün ərzaq məhsullarının eyni vaxtda kəskin bahalaşması deyil. Daha çox ət, süd məhsulları, yumurta və bəzi idxaldan asılı məhsullarda qiymət artımının davam etməsi, mövsümi tərəvəz və meyvələrdə isə ayrı-ayrı dövrlərdə ucuzlaşma və sonradan yenidən bahalaşma müşahidə olunması mümkündür. Yəni bazarda qiymətlərin sabitləşməsi mümkündür, amma hazırkı tendensiyaya əsasən genişmiqyaslı ucuzlaşma gözləmək üçün hələ ciddi əsas yoxdur”, – deyə Akif Nəsirli bildirib.