Fransada beş insan haqları təşkilatı hökumətin İsrailin işğal etdiyi Fələstin əraziləri ilə bağlı iqtisadi fəaliyyətlərə qarşı kifayət qədər tədbir görmədiyini əsas gətirərək ölkənin ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasına müraciət edib. 

QHT.az xarici mediaya istinadən bildirir ki, Beynəlxalq İnsan Haqları Federasiyası (FIDH), JURDI, Fələstinlilər üçün Beynəlxalq Ədalət Mərkəzi (ICJP), İnsan Hüquqları Liqası (LDH) və Law for Palestine təşkilatları Fransadan şirkət və maliyyə qurumlarının işğal olunmuş Fələstin ərazilərindəki iqtisadi fəaliyyətlərə töhfə verməsinin qarşısını almaq üçün konkret tədbirlər görməyi tələb edirlər. 

Təşkilatların bildirdiyinə görə, Fransa hökuməti beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib. QHT-lər xüsusilə ticarət, investisiya və maliyyə fəaliyyətlərinin işğalın davam etdirilməsinə töhfə verməsinin qarşısının alınmasını istəyirlər. Onlar bu tələblərini 2024-cü ildə Beynəlxalq Ədalət Məhkəməsinin işğal olunmuş Fələstin əraziləri ilə bağlı verdiyi məsləhət xarakterli rəylə əsaslandırırlar. 

Məhkəməyə müraciət iyulun 22-də təqdim olunub. Bundan sonra iş üzrə yazılı proses başlayacaq və tərəflərin mövqeləri araşdırılacaq. QHT-lər məhkəmənin Fransa hökumətini daha konkret hüquqi və inzibati tədbirlər görməyə məcbur etməsini istəyirlər.