Qızılın qiymətində baş verən dəyişikliklərə qlobal geosiyasi vəziyyət, iqtisadi risklər, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti və inflyasiya gözləntiləri təsir göstərir.

Sosial Strateji Tədqiqatlar və Analitik Arașdırmalar Ictimai Birliyinin rəhbəri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, qızılın qiymətinin dəyişməsinin əsas səbəblərindən biri qlobal mühitdəki qeyri-müəyyənliklər və risklərdir.

Onun sözlərinə görə, son üç-dörd ay ərzində qızılın qiymətində enişin əsas səbəblərindən biri neft qiymətlərinin kəskin artması olub:

“Qızılın qiymətinin dəyişməsinin səbəbi geosiyasi və qlobal mühitdə olan qeyri-müəyyənliklər, risklərdir. Son üç-dörd ayda qızıl niyə düşürdü? Neftin qiyməti kəskin artırdı. Neftin qiymətinin artması Hürmüz boğazının bağlanması ilə əlaqədar idi. Eyni zamanda, Amerika Mərkəzi Bankının faiz dərəcəsi siyasətini kəskin sərtləşdirəcəyi ilə bağlı narahatlıq yaranmışdı və investorlar qızıldan çıxırdılar. Çünki qızıl dividend vermir”.

İqtisadçı qeyd edib ki, Hürmüz boğazında vəziyyətin müəyyən qədər sabitləşməsi və bazarlarda qiymət gözləntilərinin formalaşması investorların yenidən qızıla marağını artırıb.

“İndi Hürmüzdə müəyyən stabilləşmə oldu. Qızılın qiymətinin tavan nöqtələri də təxminən bəlli oldu. Əvvəl 150-200 dollardan danışılırdı, indi isə əsasən 90 dollar intervalında ticarət olunur. İnflyasiya ilə bağlı rəqəmlər də açıqlanır və investorlar tədricən yenidən qızıla qayıdırlar”, – deyə İ.Hüseynli vurğulayıb.

İqtisadçı bildirib ki, qızılın qiymətinə xüsusilə ABŞ dollarının məzənnəsi, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti və inflyasiya gözləntiləri ciddi təsir göstərir.

Onun sözlərinə görə, bu göstəricilərdən hər hansı birində dəyişiklik baş verərsə, qızılın qiyməti də istənilən istiqamətdə hərəkət edə bilər.

“Əmtəə birjalarında ticarət risklidir. Heç kim deyə bilməz ki, qiymətlər həmişə aşağıdan yuxarı qalxacaq. 2026-cı ildə qızılın qiymətinin artacağı deyilirdi. Amma nə oldu? Fevraldan sonra əksinə, qiymətlər əhəmiyyətli dərəcədə düşdü”, – deyə iqtisadçı əlavə edib.