Hindistanda xarici maliyyə alan qeyri-hökumət təşkilatlarına nəzarətin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi parlamentin gündəminə gətirilib. “Xarici töhfələrin tənzimlənməsi haqqında” qanuna (FCRA) dəyişikliklər edən layihə 25 mart 2026-cı ildə Lok Sabhaya təqdim olunub və hazırda parlament komitəsində araşdırılır. 

QHT.az xarici mediaya istinadən bildirir ki, layihənin əsas müddəalarından biri xarici maliyyə hesabına yaradılmış və ya əldə edilmiş aktivlərin idarə olunması ilə bağlıdır. QHT-nin FCRA qeydiyyatı ləğv edilərsə, təslim edilərsə və ya yenilənməzsə, həmin aktivlərin nəzarətə götürülməsi üçün xüsusi Təyin edilmiş qurumun (Designated Authority) yaradılması təklif olunur. Müəyyən müddət ərzində qeydiyyat bərpa olunmadıqda aktivlərin dövlətin nəzarətində qalması nəzərdə tutulur. 

2026-cı ilin iyununda qüvvəyə minən yeni FCRA qaydaları da xarici maliyyə alan təşkilatların fəaliyyətinə nəzarəti artırıb. QHT-lər qeydiyyatın yenilənməsi zamanı fəaliyyət göstərdikləri sahə və əraziləri daha dəqiq göstərməli, həmçinin xarici vəsaitlərin istifadəsi barədə daha geniş hesabat təqdim etməlidirlər. Yenilənmə üçün son iki maliyyə ili ərzində ən azı 10 lakh rupi xarici vəsaitdən istifadə tələbi də müəyyənləşdirilib.

Hindistan hökuməti dəyişiklikləri şəffaflığın artırılması, xarici vəsaitlərin düzgün istifadəsinə nəzarət və milli maraqların qorunması ilə əsaslandırır. Bununla yanaşı, hüquq müdafiəçiləri və bir sıra QHT-lər yeni qaydaların vətəndaş cəmiyyətinin fəaliyyətinə dövlət nəzarətini həddindən artıq artıracağından narahatdırlar. 

Layihənin parlamentdə müzakirəsi davam edir və onun yekun formasının qəbul olunub-olunmayacağı hələ müəyyən deyil.