Qızılın bahalaşmasının əsas səbəbi qlobal qeyri-müəyyənlikdir – iqtisadçı

Qızılın dünya bazarında bahalaşmasının əsas səbəbi qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərdir. Bunu iqtisadçı Xalid Kərimli QHT.az-a açıqlamasında bildirib.

İqtisadçı qeyd edib ki, son aylarda qızılın qiymətinin dəyişməsinə bir sıra amillər, o cümlədən neftin qiyməti, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti və inflyasiya gözləntiləri təsir edib.

Onun sözlərinə görə, neft qiymətlərinin kəskin artması, xüsusilə Hörmüz boğazının bağlanması ilə bağlı yaranan risklər bazarlarda qeyri-müəyyənliyi artırıb. Eyni zamanda, ABŞ Mərkəzi Bankının faiz dərəcəsi siyasətini sərtləşdirəcəyi ilə bağlı gözləntilər investorların qızıldan uzaqlaşmasına səbəb olub.

“Qızıl dividend vermir. Ona görə də faizlərin yüksələcəyi gözləntiləri yarananda investorlar qızıldan çıxırlar”, – deyə Xalid Kərimli vurğulayıb.

İqtisadçı bildirib ki, hazırda Hörmüz boğazı ilə bağlı vəziyyətin müəyyən qədər sabitləşməsi və inflyasiya göstəricilərinin açıqlanması investorların yenidən qızıla marağını artırıb.

“Əsas səbəb qlobal qeyri-müəyyənlikdir. Dolların vəziyyəti, Amerika Mərkəzi Bankının faiz dərəcəsi siyasəti, qlobal inflyasiya və xüsusilə ABŞ-da inflyasiya ilə bağlı gözləntilər qızılın qiymətinə ciddi təsir göstərir”, – deyə o əlavə edib.

Xalid Kərimli qeyd edib ki, bazarda qiymətlərin yalnız bir istiqamətdə hərəkət edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Onun sözlərinə görə, sözügedən parametrlərdən hər hansı birinin dəyişməsi qızılın qiymətinə həm müsbət, həm də mənfi istiqamətdə təsir göstərə bilər.

İqtisadçı 2026-cı ildə qızılın bahalaşacağı ilə bağlı proqnozların səsləndiyini, lakin fevral ayından sonra qiymətlərdə əksinə, əhəmiyyətli enişin müşahidə edildiyini də xatırladıb.