Fransada polisin Paris ətrafında 17 yaşlı ərəb əsilli yeniyetməni güllələyərək öldürməsindən sonra bir həftədir ki, iğtişaşlar səngimir. On minlərlə etirazçı ölkənin böyük şəhərlərində küçələrə çıxıb. Nümayişçilər Fransa hüquq-mühafizə sistemini irqçilikdə ittiham edir və ayrı-seçkiliyin aradan qaldırılmasını tələb edirlər. Onlar avtomobilləri və polis məntəqələrini yandırır, polislərə və məmurlara hücum edir, dükanları qarət edir.

QHT.az xəbər verir ki, polis yeniyetmədən maşından düşməsini istəyib, lakin Nael adlı gənc buna razı olmayıb və qaçmağa çalışıb. Polis sürücünü saxlamaq qərarına gələrək atəş açıb. Güllə Naelin sinəsinə dəyib, o, aldığı yaradan ölüb. Polis məmuru həbs edilib və qəsdən adam öldürməkdə ittiham olunub.

Naelin Mərakeş və Əlcəzair kökləri var idi, buna görə də Fransa cəmiyyəti polisi irqçilikdə ittiham etdi. Şimali Afrika ölkələrindən olan keçmiş miqrantların nəsilləri ən aqressiv reaksiya verib. Belə oxşar hadisə ölkədə ilin əvvəlindən bəri üçüncü dəfə baş verir.

Kütləvi nümayişlər bütün Fransanı bürüyüb. Paris, Lill, Lion, Strasburq və digər böyük şəhərlərdə on minlərlə insan küçələrə axışıb. Ekspertlər hesab edir ki, yeniyetmənin qətli ilə bağlı insident hökumətə qarşı uzun müddətdir yığılan iddiaların artmasına təkan verib.

Fransa prezidenti qətli bağışlanmaz adlandırıb və xatırladıb ki, polis və jandarmlar respublikaya xidmət etməli və bunu mövcud qaydalar çərçivəsində etməlidir. Məhkəmə orqanları həqiqəti üzə çıxarmalı, günahkarları cəzalandırmalıdır. Parisdə və şəhərətrafı ərazilərdə hüquq-mühafizə orqanlarının əməkdaşlarına küçələrdə asayişi izləmək üçün dronlardan istifadə etməyə icazə verilib. Lakin bütün bu tədbirlər talanları dayandırmağa kömək etmir. İğtişaşların ilk günündən polis etirazçıları saxlamağa başlayıb. Bütün ölkə üzrə məhbusların ümumi sayı 3,1 min nəfəri ötüb.

 

Pərvanə Fərhadqızı