“Bizə müraciət edən ailələrə hüquqi, psixoloji yardımlar göstəririk, sosial problemləri ilə bağlı aidiyyatı qurumlara müraciət edirik, məktubların, məhkəməyə iddia ərizələrinin yazılmasında köməklik edirik. Lazım olduqda bu sahədə ixtisaslaşmış vəkillərə istiqamətləndiririk”. – bu sözləri “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az- a açıqlamasında bildirib.

O, qeyd edib ki, ailə qaunuvericiliyi ilə bağlı həm Bakı şəhərində, həm də bölgələrdə maarifləndirmə işləri aparılır, ailə institutunun möhkəmləndirilməsi üçün qanunvericilikdə bir çox tədbirlər görülsə də qanunvericiliyinin tətbiqi sahəsində müəyyən boşluqlar hələ də mövcuddur: “Bununla bağlı biz ictimai müzakirələr aparırıq, Millət Vəkilləri ilə görüşürük, problemləri aidiyyatı qurumlara çatdırırıq. Bu gün nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi ilə məşğul oluruq”.

Gülayə Səfərova həmçinin fəaliyyətə başladığı günlərdən məqsəd ölkədə ailədaxili münasibətlərə təsir göstərən amillərin öyrənilməsi, ailələrin dağılmasının qarşısının alınmasına köməklik etmək, qadın, uşaqların hüquqlarının müdafiəsi, ailədaxili zorakılıq, insan alveri, erkən nikah və s. qarşı mübarizə aparmaq olduğunu vurğulayıb: “Məqsədimizə uyğun olaraq bu işləri həyata keçirmək üçün dövlət qurumları ilə, bu sahədə ixtisaslaşmış QHT-lərlə, polis şöbələri ilə sıx əməkdaşlıq edirik”.

Qeyd edək ki, 2007-ci ildə dövlət qeydiyyatından keçən, lakin 2005-ci ildən fəaliyyət göstərən Birliyin gələcək hədəfləri dövlət qurumları və ailə problemləri ilə məşğul olan QHT-lərlə, KİV-lə əməkdaşlıq əməkdaşlıq edərək ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsi, ailənin cəmiyyətdə rolunun yüksəldilməsi və inkişaf etdirilməsi, münaqişəli ailələrin sayının azaldılması istiqamətində tədbirlər görməkdir.

 

Pərvanə Fərhadqızı