“Uşaq əməyinin istismarı uşağın hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla, onu təhsildən məhrum edir, uşağın fiziki-mənəvi inkişafına zərbə vurur. Azərbaycan da uşaq əməyinin istismarına qarşı fəal siyasət aparan ölkələrdən biridir. Ötən dövrdə Azərbaycan BƏT-nin "Uşaq hüquqları haqqında” Konvensiyasına, "Uşaqların yaşaması, müdafiəsi və inkişafının təmin edilməsi haqqında” Ümumdünya Bəyannaməsi, digər müvafiq beynəlxalq sənədlərə qoşulub” – bu sözləri Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov QHT.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, Əmək Məcəlləsinin 12-ci maddəsinin tələblərinə əsasən, 15 yaşına çatmamış şəxsləri işə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər: “Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Konstitusiyanın 17-ci maddəsinə əsasən, uşaqları onların həyatına, sağlamlığına və mənəviyyatına töhlükə törədə bilən fəaliyyətə cəlb edilmələri qadağan olunur. 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. İşə götürənlər qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilirlər. Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir”.
Qeyd edək ki, Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır.
Ölkəmizdə uşaq əməyinin istismarına qarşı mütəmadi olaraq mübarizə tədbirləri həyata keçirilir. Bu istiqamətdə vacib sənəd kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020- 2030-cu illər üçün Strategiyası” təsdiq edilib. Strategiyada bu məsələ xüsusi qeyd edilərək uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsidir.
Pərvanə Fərhadqızı












