Qobustan rayonunda fəaliyyət göstərən Günərzi Qayğı Mərkəzinin uşaqları bu gün Orta əsr Şirvan-Abşeron memarlığına aid olan «Diri baba» türbəsinə ekskursiya ediblər.

Bu barədə “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülay Quliyeva QHT.az- açılqlamasında bildirib. O qeyd edib ki, uşaqlar türbəni ziyarətə gələn xarici qonaqlarla tanış olub, Günərzi Mərkəzi haqında məlumat verib, onlarla unudulmaz bir gün keçiriblər.

Günərzi Qayğı Mərkəzləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.

Məlumat üçün bildirək ki, Şirvanşah Şeyx İbrahimin əmri ilə inşa olunan «Diri baba» türbəsi, orta əsr Şirvan-Abşeron memarlığına aid olan abidə Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinin yaxınlığında yerləşir. Türbə 1402-ci ildə qayada oyulmuş mağarada əhəng daşından tikilib. Abidənin cənuba baxan bir fasadı var. O biri tərəfləri isə qayanın içindədir. Türbə ikimərtəbəlidir. Birinci mərtəbə səkkizguşəli, günbəzli kiçik dəhlizdən və onun yanındakı çatma tağtavanlı otaqdan, ikinci mərtəbə isə üzəri naxışlarla bəzənmiş dayaqlı günbəzi olan kvadrat formalı böyük salondan ibarətdir. Salona birinci mərtəbənin dəhlizindən ensiz daş pilləkən qalxır. Salon qayanın daxilindəki balaca bir mağara ilə birləşir.

 

Pərvanə Fərhadqızı