Təhsil almaq qlobal dünyada hər bir insanın ehtiyacıdır. Çünki təhsil və elm insanları əxlaqi dəyərlərin daha yüksək olduğu cəmiyyətdə yaşamağa vadar edir. Təhsil səviyyəsi aşağı olan bölgələrdə daha çox kriminal və buna bənzər hadisələr baş verir. Cinsiyət bərabərliyinin təmin edilməsi, həm qadınlarımızın, həm də bütün cəmiyyətin inkişafı üçün vacibdir.

Bəs qadın və qızların elmi sahələrdə iştirakını artırmaq üçün ali təhsil müəssisələri və araşdırma mərkəzləri hansı addımlar atmalıdır? Onların elmi sahələrdə liderliyi artırmaq üçün hansı tədbirlər və proqramlar vacibdir?

QHT.az bu sualları Milli Məclisin deputatı Vüqar İskəndərova ünvanlayıb. Deputatın sözlərinə görə, dövlətimiz qadın və qızlarımızın elmi potensialının artırılması üçün bir çox işlər görür: “Yalnız qızlarımız, xanımlarımız üçün deyil, elmimizin inkişafı üçün vacib proqramlar işlənilir. Amma bu o demək deyil ki, hər şey artıq ideal formadadır. Yeni müasir dünyanın çağrışlarına əsasən, bu sahədə də bütün yenilikləri tətbiq etməliyik. Təbii ki burada da xanımlarımız aktivliyini göstərməlidir. Təhsil sahəsində, elmi institutlarda gənc xanımlarımız bütün bu biliklərə yiyələnməlidirlər. Biz xanımlarımızı daha çox müəllim peşəsində çalışdıqlarını görürük və onların elmi biliklərinin artırılması, elm dalınca getməsi, ümumiyyətlə Azərbaycan elmini inkişaf etdirmək üçün addımlar atılması lazımdır. Zaman ötdükcə qəbul edilməlidir, yeni tələblərə uyğun bu qanunlar işlək olmalıdır və hər bir Azərbaycanlı, xüsusən də gənclər, gənc xanımlar da istifadə etməlidirlər”.

Vüqar İskəndərov vurğulayıb ki, 11 fevral “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü  illər öncə yaradılmış və xanımların elmə, biliyə gəlməsi üçün stimullaşdırıcı proqramlarla zənginləşdirilməsi tələbi olub: “Əsasən yalnız şəhərlərdə deyil, regionlarda, ucqar kəndlərdə bu proqramla işləməli, gənc qızların təhsilə, onların stimullaşdırılması üçün işlər görülməlidir. Heç kim evdə təhsilsiz qalmalı deyil. Hətta inklüziv təhsil, fiziki məhdudiyyətli olan hansısa yeniyetmə gənclər üçün də hal –hazırda fürsətlər kifayət qədərdir. Dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları da zəngin tədbirlər hazırlayıb, həyata keçirirlər. Əsas ucqar royon və kəndlərin üzərinə fokuslanmalıyıq ki, ola bilsin şəhərlə rayonda fərqlər ola bilər. Bu təbidir, hər yerdə belə olur. Bu fərqlərin qaldırılması üçün regionlarda tədbirlər işləyib, hazırlayıb, həyata keçirməliyik”.

 

Pərvanə Fərhadqızı