Azadlıq Hərakatçıları İctimai Birliyi “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Konfransın keçirilməsi layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il qrant müsabiqəsi çərçivəsində keçirilib.
Layihə rəhbəri, birliyin sədri, yazıçı-publisist Təhmasib Novruzovun QHT.az-a açıqlama verib. O layihənin məqsədi, konfransın keçirilməsi ilə bağlı məqamlara aydınlıq gətirib: “Bütün mənalı ömrünü xalqının azadlığına və xoşbəxtliyinə həsr edən Heydər Əliyevin həyatının hələ öyrənilməyən müxtəlif məqamlarının araşdırılması və gələcək nəsillərə çatdırılması hər bir ziyalının mənəvi borcu hesab edilməlidir. Ana dili ilə bağlı Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərinin də diqqətlə araşdırılmasına və cəmiyyətə çatdırılmasına ehtiyac var. Elə bu məqsədlə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü il qrant müsabiqəsinə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Konfransın hazırlanması və keçirilməsi layihəsini təqdim etdik. Müsabiqənin qaliblərindən olduq, layihənin icrasına başlamışıq”.
Layihə rəhbəri həmçinin bildirib ki, “Heydər Əliyev və Azərbaycan dili” video-filmi istehsal ediləcək: “Filmdə Ulu Öndərin həm 1969-1982-ci illərdə, həm də 1993-2003-cü illərdə Azərbaycan dilinin saflığı və inkişafı ilə bağlı tarixi xidmətləri, məhz həmin dövrlərdə dilimizin qorunması ilə bağlı qəbul edilmiş cəsarətli tarixi qərarlar, sonrakı dövrdə imzalanmış mühüm Fərmanlar, eləcə də Ulu Öndərin bu sahəyə göstərdiyi diqqətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilməsi əksini tapacaq. Bununla yanaşı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dilimizə göstərdikləri bu qədər qayğı müqabilində hələ də bəzi sahələrdə Azərbaycan dili qaydalarına tam əməl edilməməsi, dilimizin saflığına xələl gətirilməsi faktlarına da toxunulacaq. Məqsədimiz xalqımızın Ümummilli Liderinin canından çox sevdiyi xalqının Ana dilinə münasibəti müqabilində hər bir azərbaycanlının bu dilə yanaşmasında yeni münasibətin formalaşmasına dəstək verməkdən ibarətdir”.
Qeyd edək ki, layihə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda Konfransın keçirilməsi ilə başa çatacaq. Nəzərdə tutmuşuq ki, Konfransda tanınmış dilçi-alimlərin, yazarların, mətbuat və televiziya əməkdaşlarının böyük bir qrupunun iştirakını təmin edək. Başlıca istəyimiz hər bir azərbaycanlının doğma Ana dilinə Ulu Öndər Heydər Əliyev sevgisindən pay qatmaqdır və əminəm ki, layihədə çalışan bütün əməkdaşlar buna nail olmaq üçün əllərindən gələni edəcəklər.
Pərvanə Fərhadqızı












