“Noyabrın 3-ü DOST İş Mərkəzinin direktoru Firuddin Cəbrayılov və mərkəzin digər rəhbər işçiləri ilə məzmunlu və konstruktiv fikir mübadiləsi şəraitində keçən müzakirələrimiz oldu”.
QHT.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri Elşad Məmmədov DOST İş Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın keçirilən iclası haqqında bildirib. O, bu cür müzakirələrin sosial sahədə göstərilən dövlət xidmətlərində şəffaflıq və keyfiyyət göstəricilərini artırmağa xidmət etdiyini vurğulayıb: “Ölkədə sosial müdafiə siyasətinin həyata keçirilməsi, əmək bazarının inkişafı və məşğulluq problemlərinin həlli proseslərində mühüm rol oynayan DOST İş Mərkəzinin fəaliyyət istiqamətləri ilə, xüsusilə əhalinin sosial baxımdan həssas kateqoriyalarının məşğulluğu ilə bağlı təkliflər irəli sürdük. Nəticədə belə gõrüş və müzakirələrin vacibliyi və ardıcıl olaraq davam etdirilməsi ilə bağlı razılığa gəldik”.
Qeyd edək ki, ilkin peşə və ixtisası olmayan şəxslərin işlə təmin edilməsində önəmli rol oynayan ödənişli ictimai işlər və bu sahədəki hədəflərə dair fikir mübadiləsi aparılıb, proqramın icrasında əlilliyi olan şəxslər, müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə daha diqqətlə yanaşıldığı qeyd olunub.
Pərvanə Fərhadqızı












