"İmtahan dövrü yeniyetmə və gənclərin həyatında həm akademik, həm də emosional baxımdan ən həssas mərhələlərdən biridir. Müəyyən səviyyədə həyəcan və stress normal hesab olunur. Hətta bəzi hallarda bu gərginlik insanın diqqətini toplamasına və daha məsuliyyətli davranmasına kömək edir. Lakin stressin intensivliyi artdıqda və uzun müddət davam etdikdə, həm psixi sağlamlığa, həm də akademik performansa mənfi təsir göstərməyə başlayır".
Bu sözləri klinik psixoloq və psixoterapevt İlkin Kazımlı QHT.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, imtahan stressi ilə mübarizədə ilk növbədə düzgün hazırlıq planının qurulması vacibdir. Bir çox şagird və tələbə bütün materialı son günlərə saxladığı üçün özünü daha çox təzyiq altında hiss edir. Vaxtın planlaşdırılması, dərslərin hissələrə bölünməsi, kifayət qədər yuxu, fiziki aktivlik və istirahət fasilələri stressin azalmasına kömək edir. Eyni zamanda, gənclərin imtahana həyatın son və ya ən vacib hadisəsi kimi deyil, müəyyən bir mərhələ kimi yanaşmaları da əhəmiyyətlidir.
İlkin Kazımlı açıqlamasında qeyd edib ki, yüksək səviyyəli stress özünü həm psixoloji, həm də fiziki əlamətlərlə göstərə bilər. Psixoloji əlamətlər arasında həddindən artıq narahatlıq, əsəbilik, diqqətin dağılması, motivasiyanın azalması, özünə inamsızlıq, uğursuzluq qorxusu və mənfi ssenarilər üzərində davamlı düşünmək yer alır.
O vurğulayıb ki, fiziki əlamətlər isə ürəkdöyünmənin sürətlənməsi, tərləmə, baş ağrıları, yuxu pozuntuları, iştah dəyişiklikləri, mədə-bağırsaq narahatlıqları və tez yorulma şəklində özünü göstərə bilər. Bəzi hallarda şagird və tələbələr öyrəndikləri məlumatı bildikləri halda belə, güclü həyəcan səbəbindən imtahan zamanı onu xatırlamaqda çətinlik çəkirlər.
Müsahibin sözlərinə görə, uzun müddət davam edən və idarə olunmayan stress gənclərin psixi sağlamlığı üçün risk faktoruna çevrilə bilər. Belə hallarda təşviş pozuntuları, depressiv əlamətlər, özünəinamın azalması, emosional tükənmə, yuxu problemləri və diqqət pozuntuları müşahidə oluna bilər. Həmçinin davamlı stress insanın öz potensialını obyektiv qiymətləndirməsinə mane olur və uğursuzluq qorxusunu daha da gücləndirir.
Burada vacib məqam odur ki, stressin özü deyil, onun uzun müddət idarə olunmadan qalması problem yaradır. Vaxtında göstərilən psixoloji dəstək və düzgün coping strategiyaları bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər.
İlkin Kazımlı bildirib ki, təhsil müəssisələri yalnız akademik bilik verməklə deyil, eyni zamanda şagirdlərin psixoloji rifahını qorumaqla da məsuliyyət daşıyırlar. Bu baxımdan məktəblərdə psixoloji maarifləndirmə proqramlarının təşkili, stressin idarə olunması ilə bağlı seminarların keçirilməsi, məktəb psixoloqlarının əlçatanlığının artırılması və dəstək mexanizmlərinin gücləndirilməsi vacibdir.
Bundan əlavə, şagirdlərin yalnız nəticələrə görə deyil, göstərdikləri səyə görə də qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki bəzi hallarda yüksək gözləntilər və davamlı müqayisələr gənclərdə uğursuzluq qorxusunu artırır. Dəstəkləyici və təhlükəsiz təhsil mühiti isə şagirdlərin həm akademik, həm də emosional inkişafına müsbət təsir göstərir.
Son olaraq müsahib qeyd edib ki, imtahan nəticələri vacib olsa da, insanın dəyərini müəyyən edən yeganə meyar deyil. Gənclərə bu mesajın verilməsi onların stresslə daha sağlam şəkildə mübarizə aparmasına və psixi sağlamlıqlarını qorumasına kömək edə bilər.
Piranə Xasiyeva












