Məktəbli forması və müəllim geyimi ilə bağlı tələblərin qanunvericilikdə təsbit olunması təhsil mühitində mühüm dəyişikliklərə səbəb ola bilər.
Bu barədə təhsil eksperti Şəmsi Qocayev QHT.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, vahid məktəbli formasının tətbiqi şagirdlər arasında sosial-iqtisadi fərqlərin görünən tərəflərini azaltmağa xidmət edir:
“Bu yanaşma uşaqlar arasında geyimə görə qruplaşmaların, status və brend yarışlarının qarşısını alır. Nəticədə diqqət daha çox təhsilin keyfiyyətinə, şagirdlərin bilik və bacarıqlarına yönəlir. Şagird özünü geyimi ilə deyil, əldə etdiyi nailiyyətlərlə ifadə etməyə başlayır”.
Ekspert qeyd edib ki, müəllimlərin geyim standartlarının müəyyənləşdirilməsi də pedaqoji mühitə müsbət təsir göstərə bilər:
“Müəllim yalnız bilik ötürən şəxs deyil, həm də davranış və estetika nümunəsidir. Peşəkar və səliqəli görünüş müəllimin nüfuzunu artırır, tədris prosesinə ciddi münasibətin formalaşmasına kömək edir. Bu da məktəbdə daha harmonik və intizamlı mühit yaradır”.
Şəmsi Qocayev hesab edir ki, geyim qaydalarının hüquqi əsaslarla müəyyənləşdirilməsi nizam-intizamın möhkəmlənməsi baxımından vacib addımdır, lakin təkbaşına kifayət deyil.
“Belə qaydalar məktəblərdə vahid yanaşmanın formalaşmasına imkan verir və subyektiv mübahisələri azaldır. Lakin nizam-intizam yalnız xarici görünüşlə bağlı deyil. Bunun üçün məktəbdə qarşılıqlı hörmət mühiti, keyfiyyətli tədris prosesi və psixoloji dəstək mexanizmləri də inkişaf etdirilməlidir”, – deyə ekspert vurğulayıb.
Ekspertin fikrincə, yeni tələblərin tətbiqi zamanı şagird və müəllimlərin fərdi seçim hüquqlarının qorunması da mühüm əhəmiyyət daşıyır.
“Vahidlik fərdiliyin tam aradan qaldırılması demək deyil. Məktəbli formalarında müəyyən seçim imkanlarının saxlanılması, müəllimlər üçün isə konkret uniforma deyil, ümumi işgüzar geyim standartlarının müəyyənləşdirilməsi daha məqsədəuyğun yanaşmadır. Bundan əlavə, qaydalar hazırlanarkən müəllimlərin, valideynlərin və ictimaiyyətin rəyləri nəzərə alınmalıdır”, – deyə Şəmsi Qocayev əlavə edib.
Təhsil eksperti hesab edir ki, geyim standartları təhsil müəssisələrində intizamın və akademik mühitin gücləndirilməsinə xidmət etsə də, onların uğurlu tətbiqi bütün tərəflərin ortaq razılığı və anlayışı əsasında həyata keçirilməlidir.
Zəhra Ağayeva












