Vyanadakı Qlobus Muzeyi dünyada yalnız qlobuslara həsr olunmuş yeganə dövlət muzeyidir. XVII əsrə aid Palais Mollard sarayında yerləşən bu məkan 1850-ci ildən əvvəl hazırlanmış 220-dən çox nadir və antik qlobusu nümayiş etdirir.
QHT.az xarici mediaya istinadən bildirir ki, muzey təkcə coğrafiyanı deyil, insanların əsrlər boyu Yer kürəsini və səmanı necə təsəvvür edib xəritələşdirdiyini göstərir. Muzeyin direktoru Nikolaus Şobesbergerin sözlərinə görə, qlobuslar insanların dünya haqqında təsəvvürlərinin zamanla necə dəyişdiyini əks etdirir və bu qədər zəngin kolleksiyanı bir yerdə görmək yalnız burada mümkündür.
Sərgidə XVI əsrin ortalarına aid ən qədim qlobuslar da yer alır. Onların bəzilərində naməlum okeanlar əjdahalarla təsvir olunur, Kaliforniya ada kimi göstərilir, digər nümunələrdə isə müstəmləkəçilik dövrünün baxışları – yerli xalqların yanlış təqdimatı və Afrika sahillərində Avropa dövlətlərinin “sahibliyini” göstərən bayraqlar əks olunur.
Muzeydən kənarda da qlobus mövzusu davam edir. Vyana şəhərində binaların dam və fasadlarında yerləşdirilmiş təxminən 50 qlobus var. Muzey yeni virtual xəritəsi vasitəsilə ziyarətçiləri şəhəri gəzərkən bu qlobusları kəşf etməyə çağırır.
Bu muzey Vyananın səs-küylü turistik məkanlarından fərqli olaraq, ziyarətçilərə dünyanın tarixini və insanların onu necə gördüyünü fərqli rakursdan təqdim edir.
Zəhra Mansırova












