Son zamanlar tarixi şəxsiyyətlərimiz haqqında həqiqətə uyğun olmayan yazıların yayılması və bu məlumatların sosial şəbəkələrdə geniş şəkildə paylaşılması narahatlıq doğurur.

Bunu Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, xalqın və dövlətin tarixi, milli-mənəvi dəyərləri ilə bağlı hər hansı məlumat paylaşılarkən məsuliyyətli yanaşmaq vacibdir:

“Bir şeyi başa düşməliyik ki, xalqımızın və dövlətimizin istər keçmişi, istərsə də indiki durumu haqqında nəyi isə paylaşarkən düşünməliyik. Çünki bizi sevməyən qüvvələr bu məlumatlardan ölkəmizin və xalqımızın əleyhinə istifadə edə bilərlər”.

Z.Mustafayeva vurğulayıb ki, xalq yaddaşında yüz illər ərzində qorunaraq nəsildən-nəslə ötürülən hekayə və rəvayətlərin yaranması təsadüfi deyil.

“Tarixi kitablar daha çox rəsmi faktları, döyüş tarixlərini və siyasi şəraiti qeydə alır. Lakin xalq yaddaşı yalnız o şəxsiyyətləri yaşadır ki, onların əməlləri insanların taleyinə, mənəviyyatına və azadlıq hissinə birbaşa toxunub. Bu rəvayətlərin günümüzə qədər gəlib çıxması mühüm məqamlardan xəbər verir”, – deyə o bildirib.

İctimai Birlik rəhbərinin sözlərinə görə, mənəvi irs və xilaskarlıq anlayışları xalqın tarixi yaddaşında xüsusi yer tutur. Koroğlu, Babək və Şah İsmayıl Xətai kimi şəxsiyyətlər xalqın yaddaşında yalnız tarixi fiqurlar kimi deyil, çətin anlarda ədalətin, cəsarətin və milli kimliyin rəmzi kimi yaşayırlar.

“Bu hekayələr həm də gələcək nəsillərə vətənpərvərlik, fədakarlıq, mərdlik və haqqı müdafiə etmək kimi dəyərləri aşılamaq vasitəsi olub. Əgər bir şəxsiyyətin adı əsrlərin, müxtəlif rejimlərin və unutdurma siyasətinin təzyiqinə baxmayaraq bu gün də xalqın dilində, yaddaşında yaşayırsa, deməli, həmin şəxsiyyətin xalq qarşısındakı xidmətləri silinməz izlər qoyub”, – Z.Mustafayeva qeyd edib.

O əlavə edib ki, tarixi şəxsiyyətlərə münasibətdə emosional yanaşmadan daha çox, onların irsinin və xalqın yaddaşında tutduğu yerin düzgün qiymətləndirilməsi vacibdir.

“Tarixi şəxsiyyətlərimiz sınaqdan keçmiş sevgilərimizdir. Onların irsini qorumaq, gələcək nəsillərə düzgün çatdırmaq və tarixi yaddaşımıza məsuliyyətlə yanaşmaq hər birimizin borcudur”, – deyə Zenfira Mustafayeva vurğulayıb.