Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişədən sonra regionda dayanıqlı sülhün və sabitliyin təmin olunması üçün dövlətlərarası danışıqlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının da prosesə fəal cəlb olunması mühüm əhəmiyyət daşıyır.
Bu fikirləri Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin rəhbəri İlqar Hüseynli QHT.az-a açıqlamasında bildirib.
İ.Hüseynlinin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması regionda yeni mərhələnin başlanmasına şərait yaradıb:
“Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişə vəziyyəti növbəti mərhələdə belə bir münaqişə ocağının yenidən baş qaldırmaması üçün ciddi sülh quruculuğu prosesini tələb edir. Dövlət başçıları səviyyəsində aparılan görüşləri, eləcə də Xarici İşlər nazirlikləri və digər dövlət strukturları arasında təmasları izləyirik. Bu proseslərdə vətəndaş cəmiyyətinin də iştirakı zəruridir”.
İctimai Birlik rəhbəri qeyd edib ki, dövlətlərarası təmaslarla yanaşı, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında birbaşa dialoqun qurulması sülh prosesinin cəmiyyətlər səviyyəsində dəstəklənməsi baxımından mühüm addımdır.
“Dövlət rəhbərləri səviyyəsində həyata keçirilən sülh təşəbbüsləri ilə yanaşı, hər iki ölkənin vətəndaşları və vətəndaş cəmiyyəti nümayəndələri arasında təmasların genişləndirilməsi vacibdir. Bu, sülh prosesinin daha geniş miqyas almasına və cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşmasına xidmət edir”, – deyə İ.Hüseynli vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan QHT-ləri arasında artıq bir neçə görüşün keçirilməsi bu istiqamətdə mühüm təcrübə formalaşdırıb. İlk mərhələdə 5+5 formatında keçirilən görüşlər daha sonra genişləndirilib və hər iki ölkədən 20 QHT nümayəndəsinin iştirakı ilə təmaslar davam etdirilib.
İ.Hüseynli bildirib ki, bu görüşlər çərçivəsində qarşılıqlı səfərlər və müzakirələr təşkil olunub, İrəvan və Bakı ilə yanaşı, Qəbələdə də birgə toplantı keçirilib. Hazırda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “Sülh Korpusu” adlandırılan qrupun formalaşması da bu prosesin davamı kimi qiymətləndirilə bilər.
“Bu, hər iki ölkənin dövlət rəhbərlərinin vətəndaş cəmiyyəti institutlarının sülh prosesində iştirakına verdiyi əhəmiyyətin göstəricisidir. Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşlərdə də vətəndaş cəmiyyətinin prosesə töhfəsinin vacibliyi vurğulanır”, – deyə o əlavə edib.
İctimai Birliyin rəhbəri Azərbaycan QHT-lərinin Vətən müharibəsindən sonrakı dövrdə həyata keçirdiyi fəaliyyətlərə də toxunub. O bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti institutları həm humanitar, həm də ekoloji məsələlərlə bağlı müxtəlif təşəbbüslərlə çıxış edib.
İ.Hüseynlinin sözlərinə görə, bütün bu proseslər vətəndaş cəmiyyətinin ölkənin ictimai-siyasi həyatında, eləcə də beynəlxalq və regional məsələlərdə iştirak imkanlarının əhəmiyyətini göstərir.
“Bütün bu kontekstdən yanaşdıqda, ictimai institutların həm ölkə daxilində, həm də ölkə xaricində baş verən proseslərdə, o cümlədən sülh və münaqişələrin həlli istiqamətində iştirakçılığı olduqca vacibdir. Bu, həm də dövlətin vətəndaş cəmiyyətinə olan etimadının göstəricisidir”, – deyə İlqar Hüseynli qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin davamlı və dayanıqlı olması üçün yalnız siyasi səviyyədə deyil, cəmiyyətlər arasında da dialoq və qarşılıqlı anlaşma mühitinin yaradılması zəruridir. Bu baxımdan vətəndaş cəmiyyəti institutlarının rolunun gücləndirilməsi mühüm siyasi və ictimai əhəmiyyət daşıyır.












