İrəvan Dövlət Azərbaycan Dram Teatrı İrəvanda yaradılan azərbaycandilli ilk teatr olub. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar hal-hazırda Bakıda fəaliyyət göstərir. Fotoda 1937-ci ildə C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrının yaradıcı heyətidir.
QHT.az xəbər verir ki, teatrın tarixi müxtəlif mənbələrə istinadən 1882-ci ildən müəyyənləşdirilib. Teatr 1988-ci ilə qədər fəaliyyət göstərdi. Teatra əməkdar artist, 50 il teatrın rəhbəri olmuş Yunis Nurinin oğlu Əziz Süleymanov direktor təyin olundu. 1983-cü ildə teatra Yunis Nurinin nəvəsi Yunis Süleymanov direktor təyin oldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü İradə Rizazadə QHT.az-a bildirib ki, İrəvanda yerləşən C.Cabbarlı Dram Teatrın ayrıca binası yox idi: “Orada çox gözəl tamaşalar qoyulurdu. Bakıdan da aktyorlar qastrola gəlirdilər, tamaşalar göstərirdilər”.
Qeyd edək ki, İrəvanda yerləşən C.Cabbarlı Dram Teatrı Azərbaycanın mədəni irsinin mühüm hissəsini təmsil edən teatr qurumu olub. Məlumdur ki, C.Cabbarlı adına Dram Teatrı İrəvanda Azərbaycan əsilli teatr kollektivi kimi fəaliyyət göstərib. İrəvan tarixən Azərbaycanın bir hissəsi olub və buna görə də Azərbaycan mədəniyyəti və incəsənətinə ev sahibliyi edib. Teatr Azərbaycan mədəniyyətini İrəvanda yaşayan azərbaycanlılar və digər icmalarla bölüşmək məqsədi daşıyırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ müharibəsinin başlaması və azərbaycanlıların əksəriyyətinin İrəvandan məcburi köçməsi teatrın taleyinə təsir göstərib. Müharibə və köçlər mədəniyyət müəssisələrinin fəaliyyətinə mənfi təsir göstərib.
Pərvanə Fərhadqızı












