“İstər istehsalat qəzaları, istərsə iş mühitinin daha da təkmilləşdirilməsi ilə bağlı cəmiyyətdə həmişə çağrışlar mövcud olur. Bu çağrışlar sürətlə dəyişir. Biz də İctimai Şura olaraq bu çağrışları aidiyyəti qurumlara, nazirliyə, Dövlət Əmək Müfəttişliyinə çatdırmağa çalışırıq. Sözsüz vətəndaşların narazlıqlarının şahidi oluruq, işəgötürənlər tərəfindən müvafiq əmək şəraiti təmin edilmir. Bu gün məlumdur ki, Əmək Müfəttişliyinin əmək mühafizəsi, əməyin qorunması nöqteyi nəzərindən işəgötürənlərə müvafiq təsirlər göstərmək imkanları kifayət qədər mövcud deyil” – bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi yanında İctimai Şuranın sədri Elşad Məmmədov QHT.az-a açıqlamasında bildirib.
O, qeyd edib ki, işgüzar mühitin təkmilləşdirilməsi baxımından ölkədə yoxlamalarla bağlı moratorium qüvvədədir: “İşgüzar mühitin təkmilləşdirilməsi, işgüzar fəallığa stimul vermək baxımından dövlət bu lazımlı addımları atdı, tədbirləri təşkil etdi. Amma bunun müvafiq fəsadları da qaçılmazdır. Görürük ki, bir sıra hallarda işəgötürənlər dövlət tərəfindən hansısa yumşalmalardan istifadə edərək, iş şəraitinin təminatı ilə bağlı problemlər yaradırlar. Düşünürəm ki, biz ictimai iştirakçılıq çərçivəsində imkanlarımızı genişləndirməliyik”- deyə vurğulayıb.
Pərvanə Fərhadqızı












