“İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin sədri Vüsalə (Qələndərli) Sadiqova təşkilatın fəaliyyət istiqamətlərinin davamlılığını qorumaq və istedadlı uşaqlara dəstək imkanlarını genişləndirmək məqsədilə yeni tədbirlər planı hazırlayıb.
QHT.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın sədri Vüsalə Sadiqova (Qələndərli) bildirib. Onun sözlərinə görə, birliyin təşəbbüsü və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə son illərdə bir sıra müsabiqələr və layihələr həyata keçirilib:
"Bu müsabiqələrdə qalib gələn gənclər xüsusi mükafatlarla təltif olunublar. Lakin təşkilat rəhbərliyi yalnız qaliblərin deyil, eyni zamanda müsabiqədə iştirak edən, lakin özünə güvəni zəif, dəstəyə ehtiyacı olan istedadlı uşaqların və gənclərin də diqqətdən kənarda qalmamasını əsas hədəf kimi müəyyənləşdirib. Yeni tədbirlər planına əsasən, birliyin könüllü üzvlərinin təşəbbüsü ilə belə gənclərə təmannasız hazırlıq və inkişaf dərsləri təşkil olunacaq. Bu addım, iştirakçıların gələcək müsabiqələrə daha inamlı, daha hazırlıqlı və yaradıcı şəkildə qatılmasına şərait yaradacaq. Bununla yanaşı, yaxın müddətdə heç bir dərnək və ya kursda iştirak etməyən, lakin xüsusi istedada malik uşaqların və gənclərin də dəstəklənməsi nəzərdə tutulur. Beləliklə, “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyi ölkəmizdə istedadlı gənclərin inkişafına, onların bacarıqlarının üzə çıxarılmasına və ictimaiyyətə tanıdılmasına mühüm töhfə verməyə davam edəcək".
Qeyd edək ki, yeni plan çərçivəsində həmçinin müxtəlif istiqamətlərdə yaradıcı müsabiqələrin və ictimai tədbirlərin təşkili də həyata keçiriləcək.
Birliyin ekspert və rəhbər heyətinin çağırışları
Birliyin məsləhətçi eksperti, keçmiş polis əməkdaşı Yaşar Quliyev gənclərə müraciət edərək bildirib:
“Hər bir gəncin istedadı və bacarığı ölkəmizin gələcəyinə bir töhfədir. Bizim vəzifəmiz onların inamını artırmaq, düzgün istiqamətləndirməkdir. Gənclərə mesajım odur ki, heç vaxt özlərinə güvəni itirməsinlər, əzmlə çalışsınlar və qarşılarına qoyduqları məqsədlərə doğru addım-addım irəliləsinlər. Ən əsası isə – pis vərdişlərdən, zərərli təsirlərdən uzaq olsunlar. Sağlam həyat tərzi və düzgün seçimlər onların uğur yolunda əsas dayağıdır.”
Birliyin sədr müavini Nargül Quliyeva isə qeyd edib ki, yeni fəaliyyət planı təkcə müsabiqələr deyil, həm də davamlı dəstək mexanizmlərini əhatə edir:
“Biz istəyirik ki, uşaqlar və gənclər təkcə bir yarış günündə deyil, daim dəstək və qayğı görsünlər. Onlara çağırışım budur: bacarığınıza sahib çıxın, istedadınızı inkişaf etdirin və cəmiyyətin faydalı üzvü olun.”
Pərvanə Fərhadqızı












