Müstəqil ekspert Rauf Zeyni QHT.az-a açıqlamasında vətəndaş cəmiyyətinin Böyük Qayıdış prosesində roluna diqqət çəkib.

O bildirib ki, əhalinin köçürülməsi ilə yanaşı, azad olunmuş ərazilərdə vətəndaş cəmiyyətinin bərpası və fəaliyyətinin inkişafı prioritet məsələlərdəndir:

"Vətəndaş cəmiyyəti olaraq, qeyri-hökumət təşkilatları həm köçürülmə, həm Böyük Qayıdış, həm də sosial dirçəliş prosesinə töhfə verməli, eyni zamanda bölgədə vətəndaş cəmiyyətinin fəaliyyətini təmin etməlidir. Bu, tarixi və ictimai ədalətin bərpası baxımından vacibdir." 

Rauf Zeyni qeyd edib ki, QHT-lər Avqustun 8-də Vaşinqtonda imzalanmış tarixi sazişdən sonra Azərbaycan və Ermənistan arasında ədalətli sülhün təmin olunması prosesində də aktiv iştirak etməlidirlər:

"Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, biz proqramlarımızı qəbul etməli, imkanlarımızı səfərbər etməli və bütün addımları atmağa hazır olmalıyıq. Bütün potensialımızı səfərbər edərək bölgədə və ölkəmizdə sülhün, sabitliyin və inkişafın təmin olunmasına nail olmalıyıq. Çünki yalnız bu halda Cənubi Qafqaz regionunda davamlı sülh, sabitlik və inkişaf bərpa edilə bilər."

 

Pərvanə Fərhadqızı