Pakistanı 1999-2008-ci illərdə hərbi çevrilişlə idarə edən general Pərviz Müşərrəf 79 yaşında Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) xəstəxanada vəfat edib.

QHT.az xəbər verir ki, BƏƏ-də müalicə aldığı Amerika xəstəxanasında dünyasını dəyişən Müşərrəfin cənazəsinin Pakistana gətiriləcəyi bildirilib. Müşərrəfin ölümü ilə bağlı Pakistan ordusundan başsağlığı mesajları dərc edilib. 2016-cı ildən müalicə üçün getdiyi Dubayda yaşayan Müşərrəf ürək və qaraciyər çatışmazlığına səbəb olan amiloidozla mübarizə aparırdı. Müşərrəf 11 avqust 1943-cü ildə Hindistanın paytaxtı Yeni Dehlidə anadan olub. Ailəsi müstəqillik əldə etdikdən sonra 1947-ci ildə Pakistanın Kəraçi şəhərinə köçüb. Müşərrəfin atası 1949-1956-cı illərdə Pakistanın Türkiyədəki səfirliyində çalışıb.