Dünyada ən yaxşı 50 universitetlərdən 20-sinə sahib olan Amerikada təhsil almaq əksər gənclərin arzusudur. Kəlbəcər rayon 11 nömrəli tam orta məktəbin məzunu Fidan Məmmədova FLEX Proqramının qalibi olaraq 1 il ABŞ-da təhsil alacaq. Bacarıqlı iştirakçı Azərbaycanı təmsil edəcək. Bu barədə “Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyinin sədri Məleykə Əlizadə QHT.az-a açıqlamasında bildirib: "Fidana uğurlar arzulayıram. Siz də qeyri-formal təhsildən istifadə edin!"
Məlumat üçün bildirək ki, FLEX Proqramı Amerikada təqaüdlə təhsil almaq istəyən orta məktəb şagirdlərinin müraciət etdikləri tələbə mübadilə proqramıdır. Açılışı “Future leader’s exchange” olan Flexin ana dilimizə tərcüməsi isə “Gələcəyin liderləri mübadiləsi”dir. Proqram ABŞ dövləti tərəfindən maliyyələşdirilir. Hər il dünyanın dörd bir yanından 30000 nəfərə yaxın şagird müraciət edir. Həmin şagirdlərdən yalnız 800-900 nəfəri seçilir. Ölkəmiz bu proqrama 25 ildən çoxdur ki, qoşulmuşdur. Hər il 16-20 nəfər arasında şagird proqramda iştirak etmək hüququ qazanır. Bu proqram vasitəsilə şagirdlər ABŞ-da bir təhsil ili müddətində qalıb öz biliklərini artıra bilərlər. FLEX proqramı ilə şagirdlər həmçinin ingilis dil biliklərini təkmilləşdirə, fərqli mədəniyyətlərlə tanış ola və öz məktəb yaşıdlarında fərqli olaraq xarici dünya görüşlərini artıra və inanılmaz təcrübəyə malik ola bilərlər.
Pərvanə Fərhadqızı












