Dünyanı ağuşuna alan COVID-19 pandemiyası bizim ölkəmizdən də yan keçmədi. COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, 2020-ci il yanvar ayından zəruri tədbirlər görülüb, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılıb. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 mart tarixli Sərəncamı ilə COVID-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Çünki koronavirus kimi təhlükəli virusa qarşı mübarizədə ön cəbhə "əsgərlərimiz” həkimlərimiz və tibbi xidmət personalıdır. Dövlət başcısı İlham Əliyev də koronavirusla mübarizədə həkimlərin fədakarlığı ilə qurur duyduğunu, xəstələrin sağalmasında həkimlərin çox böyük rolu olduğunu hər zaman vurğulayıb.

 

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik  Klinikasının həkimi Şərəf  Hüseynova COVİD-19-la   gecə-gündüz mübarizə aparanlardandır.  İxtisasca terapevt olan  Şərəf xanım son 5 ili pulmonologiya sahəsində çalışır və həkim pulmonoloq olaraq yetişməsində  müəllimi tanınmış pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqovun böyük rolu olduğunu  xüsusi olaraq vurğulayır:

 
- Pandemiya ucbatından İspaniyada qalan və orada könüllü olaraq koronavirusla mübarizədə iştirak edən professor Əlizamin Sadiqovun rəhbərliyi altında həm pnevmoniya, həm bronxial astma və digər  xəstəliklərlə müalicə aparırdıq. Hər kəs təcrübə üçün xaricə, misal üçün Türkiyəyə, Almaniyaya üz tutarkən, biz Əlizamin müəllimin məktəbinin məzunu olduğumuz üçün harasa getməyə ehtiyac duymurduq. Pandemiya  dönəmində Əlizamin müəllimdən öyrəndiklərimiz koronavirusla mübarizədə bizə böyük kömək oldu. COVİD-19-a yoluşmuş xəstələrin müalicəsi zamanı  dəyərli professorumuzdan öyrəndiklərimizi tətbiq etdik. Əlizamin müəllimin yetirməsi olaraq, fəxrlə deyə bilərəm ki, 100 xəstədən 90-nı  ondan öyrəndiklərimiz  biliklər sayəsində müalicə edə bildik.

 - COVİD-19  Azərbaycanda özünü bürüzə vermədən öncə dünyanın bir çox ölkələrində təhlükəyə çevrilmişdi. İlk dəfə bu virus haqqında eşitdikdə siz nə düşündünüz?

- Düşündük ki, növbəti respirator virusdur.  Çünki  dekabr, yanvar, fevral ayında bizə çox sayda xəstə müraciət edirdi,  çox ağır formada və  onların vəziyyəti pnevmoniyanın ən son mərhələsi diaqnozu ilə reanimasiyada yatan xəstələrlə eyni idi.

Bilindiyi kimi, virusun əlamətləri qrip və soyuqdəyməyə bənzədiyindən ilk zamanlar elə bilirdik ki,  müraciət edən xəstələr qripə yoluxublar.  Lakin müalicə olunub evə buraxılan xəstələrdə daha sonra COVİD-19 diaqnozu təsdiq olundu.

Qeyd etmək istərdim ki, qrip zamanı burun axması, bəlğəmli öskürək olur, lakin COVİD-19-a  yoluxan xəstələrdə  quru öskürək müşahidə olunur.  Qızdırma isə həm qrip  zamanı, həm COVİD-19-lu xəstələrdə  müşahidə olunur.  Virusa yoluxanlarda  dad və iybilmə hissi yoxa çıxır, amma bu hamıda olmur. Çünki virusun  sinir sisteminin zədələməsi zamanı dad və iybilmə qabiliyyəti itir.  Bu virus hemostaz sisteminə  çox ciddi təsir edir,  DVS sindromu (damardaxili laxtalanmasının) meydana gəlir, müxtəlif orqanlarda tromboza səbəb ola bilir.

 

- Xəstələrin müalicəsi zamanı hansı çətinliklərlə qarşılaşırsınız?

- Hər bir xəstəliyin müvafiq  inkişaf mərhələsi, hər mərhələnin də öz xüsusiyyəti var. Lakin bu virusun qorxulu tərəfi ondadır ki, gedişatı mərhələli olmur.  Yüngül vəziyyətdə  qəbul etdiyimiz xəstədə anidən  kəskinləşmə halı baş verə bilər.  Bu virus  hər orqanizmdə özünü fərqli şəkildə göstərir.  Misal üçün, bronxial astmanın xarakterik əlamətləri var, yəni astma xəstələri bənzər əlamətləri daşıyırlar və  xəstəliyin  nizamlı inkişaf mərhələsi  müşahidə olunur.  Lakin COVİD-19-da bu nizamlıq yoxdur.  COVİD-19 hər insanda, hər orqanizmdə inkubasiya  dövründə belə fərqli inkişaf edir. Bir xəstədə qızdırma çox yüksək olur,  düşür, digərində qızdırma ümumiyyətlə olmur.  Və yaxud  COVİD-19-a yoluxan və evdə müalicə olunan  xəstəni bu gün müayinə etdiyim zamanı  sağ ağ ciyərin aşağı payında xışıltı aşkar edirdim, ertəsi gün isə müayinə edərkən müəyyən edirdim ki, xışıltı o qədər yayılmış olurdu. Təəccüb edirdim ki, axı necə olur, müalicədə istifadə etdiyimiz antiviral preparatlara, antibiotiklərə rağmən total yayılma baş verir? Demək istədiyim odur ki, bu virus özünü  çox qeyri-adi aparır.  Və müalicə zamanı  bir məqama  diqqət etmişəm ki, müalicə olunan xəstə  yaxşılaşmağa doğru gedir, amma soyuq havaya çıxanda, soyuq su içəndə, əllərini soyuq su ilə yuyanda  virus aktivləşir. 

- Koronavirus infeksiyasının  dəqiq müalicə protokolu varmı?

- Bu barədə danışmazdan əvvəl bir məsələyə toxunmaq istərdim. Bəzi kənardan müşahidə edənlər həkimlər bizi – COVİD-19 yoluxan xəstələri müalicə edənləri  qınayırlar ki, niyə  antibiotiklə müalicə etdiniz, niyə  düzgün müalicə etmədiniz? Amma unudurlar ki, bu günə kimi  virusun müalicəsi ilə bağlı ümumi protokol yoxdur. Rusiya, Türkiyə və digər ölkələr öz protokolları üzrə müalicə aparır. COVİD-19 yeni  və  öyrənilməmiş  virusdur, bu səbəbdən  onu müalicə etmək üçün dəqiq dərman yoxdur. Misal üçün, pnevmaniyanın müəyyən olunmuş əlamətləri var və  öz müalicə protokolu var, ona əsasən antibiotiklərlə müalicə kursu təyin olunur.  Amma COVİD-19 yeni virus olduğundan  qəbul olunmuş standartlara uyğun müalicə protokolu yoxdur.  Koronavirusla mübarizədə hər ölkə təcili öz protokolunu təsdiq elədi və  həkimlər də bu protokollar üzrə müalicə edirlər. Heç kim deyə bilməz ki, müəyyən bir protokola uyğun müalicə aparılsa, xəstə sağalacaq. Koronavirusla müalicədə bəlli bir qayda yoxdur ki, həkimlər ona uyğun müalicə işərini görsün. Kənardan müşahidə aparan həkimlərin COVİD-19-a yoluxan insanların  müalicəsi ilə məşğul olan həmkarlarını tənqid etmələrini doğru saymıram. Çünki onlar həmkarların necə işlədiklərini, koronovirusa yoluxan xəstələrin sağalmaları üçün necə mübarizə apardıqlarını görmədən, bilmədən  qınayırlara. Əgər gözləri ilə  “mənim həyatımı xilas et” deyə, yalvaran xəstəni  koronavirusdan qurtara bilmişəmsə, heç kimin  məni tənqid etməyə ixtiyarı yoxdur.

- COVİD-19   hansı  yaş qrupu üçün təhlükəlidir?

- Sevindirici odur ki, yeni virus, demək olar, uşaqların səhhətində ciddi problem yaratmır. Böyüklərdən fərqli olaraq, uşaqlar bir günlük qızdırma ilə ötüşür və aktiv həyatlarına davam edirlər. Amma  7-14 gün müddətində uşaqları yaxınları ilə təmasdan qorumaq vacibdir.  Uşaqlardan fərqli olaraq, gənclər və yaşlılar üçün eyni dərəcədə təhlükəlidir. İmmunitetin güclü və ya zəif olması, COVİD-19-a yoluxan insanda yanaşı, xəstəliklərin mövcüd olması da rol oynamır. Çünki şahidi olmuşam, 85 yaşlı xəstə sağalıb, amma  35-40 yaşlı cavan adam, heç bir yanaşı xəstəliyi olmadığı halda, koronavirusun qurbanı olub. Həmçinin bir məsələni də müşahidə etmişəm ki, immunitet nə qədər güclü olursa, orqanizm bu xəstəliyə o qədər güclü reaksiya verir. Orqanizmin immun reaksiyasını zəiflətmək üçün immunidepresantlar veririk.  Yeni virusun orqanizmdən asılı olaraq fərqli  simptomlarla 

özünü göstərməsi isə vəziyyəti bir az daha qəlizləşdirir.  Yüzlərlə xəstə müalicə etmişəm, hər  insan orqanizmində bu virusun tam fərqli formada inkişaf etdiyini görmüşəm.  Elə olub ki, ər-arvad müraciət edib, qadının vəziyyəti ağır olduğu halda, 3-4 günə sağalıb, arvadı ilə müqayisədə vəziyyəti yüngül olan ərin səhhəti anidən pisləşib. 

Təəssüflər olsun ki, bu virusun  orqanizmə düşdükdən sonra  necə davranacağını söyləmək mümkün deyil. Digər infeksiyon xəsətliklərdən fərqli olaraq, bu virusun inkişafı nizamlı şəkildə olmur. Qrip  virusunun bir çox  növü və növlərinə görə xəstəliyin inkişaf mərhələsi və xüsusiyyətləri var, COVİD-19-da isə bu yoxdur.


- Bir çox insan həkimlə məsləhətləşmədən özünü müalicə ilə məşğul olur. Bu nə dərəcədə doğrudur?

- Əfsuslar olsun ki, belə hallar var.  Bəzi xəstələr  vəziyyəti ağırlaşanda bizə müraciət edirlər. Onlarla söhbətdə məlum olub ki, xəstəliyin ilkin əlamətlərı aşkar olanda həkimə müraciət etməyiblər, tibb bacısı gəlib bir –iki iynə vurub, ya da koronavirusdan müalicə olunan qonşusu, yaxını  istifadə etdiyi dərmanları  məsləhət görüb.  Bu yolverilməzdir.  Çünki  hər bir  orqanizm  eyni dərmana fərqli reaksiya verir. Koronavirusla müalicədə özfəaliyyət yolverilməzdir.  Profilaktik tədbir məqsədli  antibiotik qəbulu, evdə  müalicə ən azı  sahə həkimlərin  nəzarəti altında olmalıdır.  Əks halda, ölümlə nəticələnə bilər.

- Koronavirusla mübarizə aparan həkimlər aylardır  gərgin iş qrafikində, stres  altında işləyirlər. Sizin  klinikada iş necə qurulub?

- Həmin həkimlərdən biri də mənəm.  Dörd aydır ki, yorulmadan işləyirəm. Hər dəfə istirahət üçün vaxt götürməyi fikirləşəndə düşünürəm ki, daha bir xəstəmi müalicə edim, sonra istirahətə çıxaram. Amma həmin xəstələri buraxıb getmək olmur.  Hazırda 4 ağır xəstəm var, 17 gündür  onların sağalmaları üçün çalışıram. Bu vəziyyətdə onları qoyub  hara gedim? Çünki virus özünü necə aparacağı bilinmir, son məqamda belə sürprizlə qarşılaşa bilərsən.  Və bir daha üzümü  bizi tənqid edən həkimlərə üzümü tutub demək istəyirəm ki,  kənardan durub məsləhət vermək asandır. Amma  vəziyyəti ağır  olan xəstənin həyatda tutmaq asan deyil. Kənarda dayanıb  irad tutanlara səslənirəm, gəlin siz də bizimlə birgə  10 xəstənin müalicə edin, görün, asan işdir, ya çətin? Onların irad tutduqları həkimlər özləri hazırda  koronovirusa yoluxublar,  ölüm-qalım mübarizəsi verirlər,  dünyasını dəyişən neçə-neçə həkimimiz var. Onlar bioloji müharibənin  qəhrəmanlarıdır.  Allah  rəhmət eləsin. Müalicəsi davam edən həkimlərə də şəfa diləyirəm, onlardan biri  reanimatoloq,  çox hörmət etdiyim Cavid Paşayevdir. Ümid edirəm ki, tezliklə sağalacaq.  Mən də COVİD-19-a yoluxdum, amma yüngül keçirdim.

- Hələ də koronavirus adlı bəlaya  inanmayan, tibbi maska taxmayan insanlar var.  Belələri qarşınıza çıxıb?

- Yeni virusun yayıldığı vaxtlar idi. Bilmədiyimiz bir xəstəliklə mübarizə aparmağa çalışırdıq. Vəziyyət yaxşı deyildi. İşə gedərkən yolüstü bir marketə girdim. Mağazada gördüm ki, satıcı tibbi maska taxıb, amma  üzünə deyil, çənəsinin altında saxlayıb. İrad bildirdim ki, maska çənəsinə taxmaq üçün deyil. Satıcı xanım və kassada oturan digər xanım maskanı gərəkdiyi kimi taxdılar.  Bir qadın  da vardı,  sonradan  öyrəndim ki, müəllimdir, o da maskanı çənəsinin altında saxlamışdı. Ona, “Xanım, olar maskanızı çənənizə deyil, üzünüzə geyinəsiniz?” dedim.  O da  cavab olaraq “Siz kimsiniz  ki?” dedi.  “Mən həkiməm,  saatlarla xəstələrin müalicəsi üçün çalışan həkim, onlar üçün narahat olan həkim, ailəsinin yanına qayıtmaq istəyən həkim”, deyərək, emosional reaksiya verdim. Həmin müəllim  isə “canın çıxsın, hökümət sənə pul verir, get xəstələrini müalicə et”, dedi. Kobudluqla rastlaşdığım həmin gündən iki gün sonra koronavirusa yoluxdum. 

Eyni zamanda, karantin  rejimindən şikayət edənlərə bir şeyi demək istərdim ki,  bu virusa hamı yoluxacaq. Karantin rejimi yoluxmanın mərhələli şəkildə baş verməsi məqsədilə tətbiq olunur. Xəstəxanalardakı sıxlığı nəzərə alaraq sərt karantin rejimi tətbiq olunur.  Böyük dalğanı qarşını alınması üçün karantin rejimi çox vacibdir.

Son olaraq qeyd etmək qeyd etmək istəyirəm ki,  Əlizamin müəllimin məktəbini keçmiş həkimlər olaraq biz ağır rejimdə işləməyə  öyrənmişik, çünki həkim pulmonoloqlar üçün bu rejimdə işləmək yeni deyil. Amma COVİD-19  sayəsində həkimlərimizin  qədr-qiyməti bilindi.  Müğənnilərə verilən qiymət  həkimlərə verilmirdi, illər uzunu  poliklinikada 120 manat əmək haqqı ilə  işləyən həkimləri bu ağır vəziyyətdə bilindi. Bu karantin günlərndə elmin inkişafının, xüsusilə tibb elminin vacib olduğu bilindi.

- Koronavirus bəlası nə zaman bitəcək?

- Virusa qarşı peyvənd tapılana qədər bu  mübarizə davam edəcək. Hazırda  bir neçə ölkədə yeni növ koronavirusa  qarşı  peyvənd  üzərində çalışır, tədqiqatlar aparırlar. Prosesi sürətləndirmək üçün ilk növbədə heyvanlar üzərində eksperiment aparmaq qaydasına əməl edilməyib. Təbii ki, bunun da fəsadları olacaq.  Əbəs yerə demirlər ki, virusdan təhlükəli olan doğru peyvəndin olmamasıdır. Amma risk almaq məcburiyyətindədirlər. Cünki ikinci dalğa gözlənilir. İsti havada virusun zəifləcəyi gözlənilirdi, amma əksi oldu.

Bir də onu qeyd edim ki,  artıq orqanizmin bu virusa qarşı immunitet əmələ gəlib.  Lakin virusun mutasiya olması məsələsi var. “Yaxşı” mutasiya odur ki, virus orqanizmə uyğunlaşacaq, öldürməyəcək, “pis” mutasiyada isə əksinə aqressivləşəcək, orqanizmi öldürəcək.  

Vəfa Fərəc

QHT.az