Bu barədə QHT.az-a “Sağlamlığa Xidmət” İctimai birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva məlumat verib. 
 
O, qeyd edib ki, Bildiyiniz kimi, Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən və Avropa Şurası tərəfindən həyata keçirilən "Azərbaycanda penitensiar sistemdə islahatlara əlavə dəstək – 2" (SPERA 2) Birgə Proqramına bu il qeyri-hökümət təşkilatlarının da səyi cəlb edilib: "Belə ki, azadlığa buraxılan şəxslərin reabilitasiya və reinteqrasiyası üçün xidmətlərin göstərilməsi bir neçə QHT-na həvalə olunub. Onlardan biri də Sağlamlığa Xidmət İB-dir. Təşkilatımız 2011-ci ildən Qlobal Fondun maliyyə dəstəyi ilə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi ilə əməkdaşlıq müqaviləsi çərçivəsində azadlığa buraxılan vərəm xəstələrinin müalicəsinin mülki sektorda izlənilməsi layihəsini həyata keçirir. "
 
 
"Avropa İttifaqı və Avropa Şurası tərəfindən birgə maliyyələşdirilən layihəmiz isə “Keçmiş məhkumların sosial reinteqrasiya” layihəsidir. Bu çərçivədə 9 ay (May 2020-Yanvar 2021) tarixləri arasında azadlığa buraxılacaq şəxslərin beynəlxalq səviyyədə akkreditasiya olunmuş peşə təhsili akademiyasında 6 peşə sahəsi üzrə ixtisaslaşdırılmış təlim keçməsi və beynəlxalq sertifikat alması nəzərdə tutulur. Bu işi TCS Academy öz üzərinə götürüb” - deyə icraçı direktor vurğulayıb. 
 
Qeyd edək ki, layihə çərçivəsində 6 may tarixində Avropa Şurası Bakı ofisi tərəfindən onlayn seminar təşkil edilmişdir. Ötən həftə isə Sağlamlığa Xidmət İB əməkdaşları Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsində görüş keçirib, layihə haqqında məlumat vermişlər.