“İl boyu eşitmə məhdudiyyətli şəxslərin ailələri ilə mütamadi görüşlərdə onları narahat edən problemləri qeydə alaraq, təkliflər hazırlayıb aidiyyatı qurumlara veririk. Hətta bu il İcbari Tibbi Sığorta Agentliyindən bir sevindirici xəbər aldıq. Dəyəri çox olan əməliyyatlardan biri sayılan koxlear implant əməliyyatına limit aradan qalxdı”.

Bu fikirləri "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin sədri Cəmilə Abdulova QHT.az- a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2020-2023-cü ilin sentyabr ayı da daxil olmaqla, İcbari Tibbi Sığorta tərəfindən koxlear implant edilmiş şəxslərin sayı 496 nəfər təşkil edir: “Koxlear implant əməliyyatı olan uşaqlar üçün Dünya praktikasına əsaslanaraq cihazlarının sığortalanmasını və reablitasiyaya əlçatanlığının təmin olunması bu istiqamətdə qarşıya qoyduğumuz preoritet məsələlərdən biridir. Təkliflərimizdən ən önəmlisi eşitmə azlığının  erkən aşkar olunması üçün Respublikada olan bütün doğum evlərini, eşitmənin skriniq edilməsi üçün cihazlarla təmin edib, yenidoğulmuş körpələrdə eşitmə dərəcəsini aşkarlamaqdır. Körpə uşaqlarda eşitmə azlığının erkən aşkarlanması, vaxtında və düzgün müdaxilə edilib, reablitasiyaya cəlb olunması, gələcəkdə həm əlilliyin qarşısının alınmasında, həm də uşaqların inkişafı üçün çox vacibdir. Təşkilatımız həmçinin uşaqların düzgün inkişafı üçün müxtəlif nitq inkişaf mərkəzləri ilə əməkdaşlıq edir. Təbii ki, eşitmə məhdudiyyətli şəxslərin problemləri olduqca çoxdu. Gənclərimizin ən böyük problemi işsizlikdir. İnanıram ki, Dövlətimiz bu istiqamətdə eşitmə məhdudiyyətli gənclər üçün ciddi işlər görəcək. “Səssizliyin səsini” dinlədiyiniz üçün hər birinizə təşəkkürümüzü bildiririk”.

Qeyd edək ki, təşkilatın 2024-cü il üçün təklifləri çox, hədəfi isə eşitmə məhdudiyyəti olan eşitmə cihazlı, koxlear implantlı, tam eşitməyən şəxslərin təhsil, reablitasiya, idmana çıxış imkanlarını, məşqulluq problemlərini, səhiyyədə olan çətinliklərini və ümumiyyətlə cəmiyyətə inteqrasiyasının həllini, aidiyyatı qurumların dəstəyi ilə təmin etməkdir. Hər il sentyabr ayının son həftəsi Dünya eşitmə məhdudiyyətlilər günü kimi qeyd olunur. Bu il "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi Heydər Əliyevin 100 iliyi ərəfəsində “Səssizliyin səsi olaq” adlı  tədbir həyata keçirib. Dövlət qurumlarının tədbirdə iştirakı və eşitmə məhdudiyyətli şəxslər haqqında fikirləri təşkilatı çox sevindirib.

 

Pərvanə Fərhadqızı