"Yeni Fikir” JHİB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının dövlətin sosial siyasət sahəsindəki qanunvericiliklə bağlı maarifləndirmə təşəbbüsləri” layihəsinin qayəsi müharibə iştirakçılarının hüquqlarını, imtiyaz və qanuni mənafelərini qorumaq, onlar arasında ünsiyyət və əlaqəni möhkəmləndirmək, gənclər və yeniyetmələr arasında milli vətənpərvərlik tərbiyəsini gücləndirməkdir. Bu barədə layihə rəhbəri Elmira Mehdiyeva QHT.AZ saytının müxbirinə verdiyi məlumatda bildirmişdir. Layihə rəhbəri onu da demişdir ki, layihə çərçivəsində növbəti tədbir Balakən şəhərində, Heydər Əliyev mərkəzində olmuşdur. O demişdir:” Şəhid ailələri, qazilər və müharibə iştirakçılarının sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərlə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyub.Həmin sosial qrupdan olan insanların Qanunvericiliklə müəyyən edilən hüquqlarına dair maarifləndirici söhbətlərin mütəmadi aparılmasına ehtiyac vardır.Bu təbəqədən olan insanlara sosial qayğının nəzərə çarpacaq dərəcədə olması gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksək olmasına gətirib çıxarır. Lakin Dövlətin bu təbəqədən olan insanlara göstərdiyi qayğıdan bəziləri faydalana bilmir. Bunun da başlıca səbəblərindən biri hüquqi savadsızlıqdır. Hüquqi savadsızlıq həmin insanlar üçün təkcə sosial çətinliklər deyil, həm də mənəvi-psixoloji sıxıntılar yaradır.”
Tədbirdə ekspert İ.İbrahimov məhz bu istiqamətdə iştirakçılarla ünsiyyət qurmuş, dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərdən danışmış, bu kateqoriyadan olan insanlar üçün nəzərdə tutulan qanun və sərəncamların ətraflı izahını vermişdir.
Tədbirdə çıxış edən birinci Qarabağ müharibəsinin qazilərinin 44 günlük müharibə veteranlarına münasibəti xüsusilə diqqəti cəlb etdi. Onların hər biri qeyd etdi ki, bizim döyüşdüyümüz zaman bizi dəstəkləyən, arxamızda duran güclü dövlətimiz yox idi. Ordumuz yox idi. Lakin 44 günlük müharibədə güclü Azərbaycan ordusunu onun Ali Baş komandanı qələbə əzmi ilə idarə etdi. Bu qələbə nəticəsində düşməndən nəinki toppaqlarımızı geri aldıq, həm də 90-cı illərin şəhidlərinin, bir milyon qaçqın və köçkünümüzün qisası alındı. Onların qanı yerdə qalmadı. Qazilər bildirdilər ki, 44 günlük müharibənin veteranları, qaziləri bizim övladlarımız, bizim əməllərimizin varisləridirlər. Ona görə də, onlara göstərilən hər bir qayğıda dövlətimizin yanındayıq. Bu vətən oğulları hər cür diqqət və qayğıya layiqdirlər.
Çıxış edən şəhid Elvin Kərimovun anası Gülşən Kərimova bildirir ki, bir şəhid anası kimi mənə hər cür qayğı göstərilib, işlə təmin olunmuşam. Bu gün hər bir veteranı öz balam bilirəm və onlara hər cür qayğının göstərilməsinin tərəfdarıyam.
Balakən rayon İcra Hakimiyyətinin böyük məsləhərçisi Hacı Muradov özü də 44 günlük müharibənin odundan-alovundan keçən bir veteran zabitdir. O da iştirakçıları maraqlandıran sualları cavablandırır, həm də deyilən bəzi iradların tezliklə həllini tapması üçün qeydlər götürür.
Qazilər və müharibə iştirakçıları qanunvericiliklə onlara verilən hüquqlarla bağlı aparılan bu maarifləndirmə işindən razı qaldıqlarını bildirdilər.
Elmira Mehdiyeva












