Qadınlara qarşı zorakılıq böyük ictimai sağlamlıq problemi və qadınların insan hüquqlarının pozulmasıdır. ÜST-nin dərc etdiyi hesablamalar göstərir ki, dünya üzrə təxminən hər 3 qadından 1-i (30%) həyatı boyu ya fiziki və/yaxud cinsi zorakılığına məruz qalıb. Dünyada münasibətdə olan 15-49 yaşlı qadınların demək olar ki, üçdə biri (27%) əks cinsin nümayəndələri tərəfindən hər hansı fiziki və/və ya cinsi zorakılığa məruz qaldıqlarını bildirir. Zorakılıq qadınların fiziki, əqli, cinsi və reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər və bəzi şəraitdə İİV-ə yoluxma riskini artıra bilər.

Bəs qadınlara qarşı zorakılıq və məişət zorakılığının artması ilə bağlı hansı sosial tədbirlər görülə bilər? Cəmiyyətin bu məsələdə maarifləndirilməsi üçün nə etmək lazımdır?

QHT.az bu sualları Sosial Hüquqların Araşdırılması İctimai Birliyinin sədri Mayis Əliyevə ünvanlayıb. QHT sədrinin sözlərinə görə, məişət zorakılığına məruz qalmış qadınlar hansı kateqoriyadan olması, erkən nigaha daxil olan qadınlarmı, nə qədər % təşkil edir, neçə %- i təhsilsizdir, öz istəyi, ya ailənin təkidi ilə ailə qurub, bu məsələlərdə sosialoji tədqiqatlar aparmaq lazımdır: “Bu prizmadan çıxış edərək birincisi qadınların təhsilə cəlb edilməsi, peşə və ixtisasa malik olmasını təmin etmək, özünə güvənli olması, işsizlik problemlərinin aradan qaldırılması kimi sosial tədbirlər görülməlidir. Kompleks yanaşmaq lazımdır, psixoloji məqamlar var. Yəni layiqli əmək haqqı sisteminin tədqiq edilməsi lazımdır. Çünki kişilərdə aqressiya yaranır. Cəmiyyətdə hansı hallar məişət zorakılığına səbəb olur. Bu səbəblər üçün tədbirlər görülməlidir. Ölkədə layiqli əmək haqqı sisteminin yaradılması, məşğulluq probleminin yaradılması, ünvanlı sosial yardımım yaradılmasında doğurdan da sözün əsl mənasında ünvanlı olması, sözün əsl mənasında aztəminatlı ailələrin sosial xidmətlərə əlçatanlığının təmin edilməsi və s. Azərbaycanda ümumən maarifləndirmə aparılır, ekspertlər dəvət edilir. Hansı ki, insan hüquqlarını, qadın, uşaq hüquqlarını bilmir, onlar ancaq mövcud olan mentalitetdən, steoratiplərdən çıxış edərək deyir ki, qadın susmalıdır, qadın dözməlidir, bizim nənəmiz söyülüb də, döyülüb də. Əgər o konteksdən gediriksə, bu şəkildə maarifləndirmək aparmaq lazım deyil. Maarifləndirmə məhz insan hüquq və azadlıqları təmini baxımından həyata keçirilməlidir. Sahənin biliciləri olan ekspertlər cəlb edilməlidir”.

 

Pərvanə Fərhadqızı