Avrasiya Hüquqşünaslar Assosiasiyası İctimai Birliyinin “Mediasiyanın Metodologiyası” adlı kitabı çap olunacaqdır.
QHT.az xəbər verir ki, “Mediasiya haqqında” Qanuna və “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2019-cu il tarixli 383 nömrəli Qərarına əsasən, Ədliyyə Akademiyası tərəfindən keçirilən mediatorların ilkin hazırlığı və ixtisaslarının artırılması üzrə təlimlər daxil olmaqla, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı üzrə təlimlərdə iştirak edən mediatorlara əyani vəsait kimi ödənişsiz olaraq təqdim ediləcəkdir. Vəsait eyni zamanda hakimlərə, vəkillərə, hüquqşünaslara və bütün maraqlı tərəflərə ödənişsiz əsaslarla təqdim ediləcəkdir.
Birlikdən verilən məlumata görə, topluda əksini tapacaq materiallar isə Avropa Şurası tərəfindən Mediasiya Şurasına təqdim edilmiş vəsaitləri əhatə etməklə nəşr ediləcəkdir. Avropa Şurası tərəfindən həyata keçirilən “Azərbaycanda mediasiyanın təşviqi” layihəsi çərçivəsində azərbaycan dilinə tərcümə edilmiş materiallar əsasında hazırlanıb. Materiallar Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasına mediasiya ilə bağlı əsas fəaliyyət göstəriciləri üçün ilkin cədvəl, baza səviyyəli təlim proqramı, mediasiya təlimi proqramlarının hazırlanması və monitorinqi üzrə təlimatlar, hakim tərəfindən mediasiyaya yönləndirmə üzrə təlimat, hakimlər üçün mediasiya barədə məlumatlılıq səviyyəsinin artırılması proqramı, vəkillər üçün mediasiya üzrə təlimat və başqa Avropa vəsaiti üzrə materialları özündə ehtiva edəcəkdir.
Materiallar Avropa İttifaqı və Avropa Şurasının maliyyə dəstəyi ilə tərcümə edilib. Nəşrin işıq üzü görməsi və kütləvi tirajla nəşr edilərək yayımına dəstək Azərbaycan Respublikasının Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdirilib. Bu vəsait mediasiya sahəsi üzrə bütün maraqlı tərəflərdə beynəlxalq metodoloji yanaşmanı təmin etməklə beynəlxalq standartların tətbiqinə də geniş dəstək verəcəkdir.
Pərvanə Fərhadqızı












