Mediasiya Şurasının 15 dekabr 2023-cü il tarixində keçirilən tədbirində hər bir mediatora Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə əl işi hədiyyələr təqdim edildi.

QHT.az xəbər verir ki, özəl Yaradıcılıq Mərkəzi ilə tərəfdaşlıq qismində təqdim edilən bu hədiyyələr sosial layihə çərçivəsində mərkəzdə fəaliyyət göstərən evdar xanımlar tərəfindən hazırlanmışdır. Mediasiya Şurası bu tərəfdaşlıqla birlikdə həmçinin həmin evdar xanımların öz əl işlərini satışa çıxara bilmələrinə köməklik göstərmiş və əl əməyinə diqqət çəkmişdir.

Qeyd edək ki, Aynur Özəl tərəfindən 2020-ci ildə təsis edilmiş Özəl Yaradıcılıq Mərkəzi evdar xanımların əl işlərini özəl brend altında satışa çıxarmaqla yanaşı, həmçinin onların öz bacarıqlarını yaradıcılıq mərkəzində müxtəlif yaş qruplarına tədris edə bilmələrini təmin edir.

 

 

Pərvanə Fərhadqızı