“Təşkilatımız daxili imkanları ilə 2021-2022-ci illərdə Bəhram Nəsibovun mahnılarının not yazılarını “Nəğmələrdə yaşayan ömür” 6 cildliyinin hələlik iki cildini nəşr etdirib və təqdimatını həyata keçirib. 2022-ci ildə QHT-lərə DDA-nın maliyyə dəstəyi ilə Azərbaycan tarixi, şəhidləri haqqında A-dan Z-yə bütün məlumatları əks etdirən “Faciəli təqvim tariximiz” 12 cildlik ensiklopedik kitabını nəşr etdirib və təqdimatını təşkil edib. 2022-ci ildə Zəngəzur dəhlizin açılışına ithaf edilmiş “Erməni plagiatına məruz qalmış Qərbi Azərbaycan yallıları” araşdırma kitabını da nəşr etdirib və təqdimat mərəsimini Musiqi Akademiyasında təşkil edib”.
Bu sözləri “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyinin sədri Adil Nəsibov QHT.az –a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, 2023-cü ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Heydər Əliyev ili”nə tövhə vermək məqsədi ilə “Azərbaycançılığın musiqili təqdimatı” jurnalını hazırlayaraq nəşr etdirib və təqdimat mərasimini təşkil edib: “Jurnalda bəstəkar Bəhram Nəsibovun Ulu Öndər Heydər Əliyev cənablarının qayıdışını alqışlayan şeiri, şəxsiyyəti və siyasətinə həsr etdiyi mahnı və marşları, qurucusu olduğu partiya haqqında, uğurla apardığı gənclər siyasəti, bayrağımıza münasibəti, təməlini qoyduğu Azərbaycan-Türkiyə münasibətləri haqqında hələ ifa edilməmiş mahnı və marşlarının mətni, not yazısı ilə yanaşı, mövzunu əks etdirən rəsm əsərləri, fotolar, yazılı məlumatlar, rəylər daxil edilib. Jurnalda xronoloji ardıcıllığı bilərəkdən pozaraq hələ 1988-ci ildə yeni başlamaqda olan Qarabağ probleminin həlli üçün yeganə ümidin Heydər Əliyev olduğu qeyd olunan Milli Dirçəliş gününə bəstəkarın həsr etdiyi mahnını sona saxlamışıq. Səbəb - Ali Baş komandan Zati-Aliləri İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Ordumuzun səyi nəticəsində qısa müddətdə işğaldan azad edilən Qarabağın elə qısa müddətdə də bərpa edilməsi ilə yaşadığımz hər günün artıq Yeni Milli Dirçəliş günü olmasını göstərmək idi. Bu haqda izahatın jurnalda və təqdimat mərasimində verməməsinin səbəbi həmin fikri hər kəsin düşünərək tapmasına, bununla da şüuraltı qatın fəaliyyətinin intensiv işləməsinə cüzi də olsa xidmət etmək və həmin fikrin şüuraltı qata həkk olunmasına nail olmaq idi”.
Bəhram Nəsibovun I Qarabağ müharibəsində əsgərlərimizi ruhlandıran mahnı və marşlar yazdığını, ifaçı kimi yaratmış olduğu “Şahnaz” ansamblının adını vətənin dar günündə dəyişib “Vətən” edərək dəfələrlə ön cəbhədə çıxışlar etdiyini də bildirən Adil Nəsibov 44 günlük Vətən müharibəsində Müzəffər ordumuz bəstəkarın “Qarabağ” mahnısı ilə qələbəyə kökləndiyini və mahnı Vətən müharibəsinin himninə çevrildiyini də vurğulayıb: “Bəstəkar Qarabağ zəfərinin memarı olacaq şəxsə də mahnı bəstələyib”.
Məlumat üçün bildirək ki, “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi 2018-ci ildə təsis edilib. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycançılıq məfkurəsinə xidmət edib. Birlik daxili imkanları ilə 2018-ci ildə “Heydər Əliyevin 95 illik yubuleyi və AXC-nin 100 illiyinə ithaf olaraq albom buraxıb və BMM-də təqdimatını keçirib. 2020-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailə cizgiləri“ sosial video-çarxı hazırlanıb.
Pərvanə Fərhadqızı












